...

Azərbaycanda məhkumlar arasında qol güləşi yarışı keçirilib

Cəmiyyət Materials 15 Oktyabr 2011 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Penitensiar Xidmətin (PX) 10 saylı cəzaçəkmə müəssisəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə müəssisənin məhkumları arasında qol güləşi - armrestlinq yarışı keçirilib.

Trend-in məlumatına görə, 8 məhkum arasında keçirilən yarışda Azərbaycan Qol Güleşi Federasiyasının nümayəndələri hakimlik ediblər.

Yarışın qalibi olmuş 3 məhkum PX-nin rəisi Mədət Quliyev tərəfindən kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mədət Quliyev və Xidmətin rəhbər şəxslərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 10 saylı cəzaçəkmə müəssisəsində yeni inşa və təmir olunmuş İslam və xristian dininə mənsub məhkumlar üçün ibadət otaqları, kompüter zalı, idman zalı və kitabxananın açılış olub.

Tədbirdə çıxış edən Quliyev bildirib ki, Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin inşası davam etdirilir. "Hazırda 7 yeni cəzaçəkmə müəssisəsinin inşası aparılır", - o deyib.

Quliyev cəzaçəkmə müəssisələrindəki məhkumların bir qisminin özlərinə imtiyazlı şərait yaradılmasını istədiyini bildirib. "Bu hallara yol verə bilmərik, bütün məhkumlar eyni şəraitdə yaşamalıdır və hamısı eyni statusa malikdir", - PX rəisi deyib.

O, cəzasının 3/4 hissəsini cəkəndən sonra azad olunmaları üçün məhkumların tələblərinin məhkəmələrə təqdim olunduğunu və bu prosesin şəffaf aparılması barədə göstəriş verdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti