Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Azərbaycan Respublikasının insan hüquqları üzrə ilk müvəkkili, Elmira Süleymanova şənbə günü "Mehriban ana" ordeni ilə təltif olunub. Bu barədə Trend-ə "Dədə Qorqud" Milli Fondunun prezidenti, "Azərbaycan Dünyası" beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov bildirib.
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Evində, "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ali Şurasının qərarı ilə ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyətinə, cəmiyyətdə qadın və ailə məsələləri, uşaq problemlərinin həlli üzrə səmərəli əməyinə, xalqlar arasında dostluq, sülh və əmin-amanlıq naminə uzun müddətli çalışmalarına, dövlətçiliyimizin yüksəlməsi yolunda yaxından iştirakına, Vətənimizin inkişafı ugrunda elmi-mədəni xidmətlərinə və Böyük Türk Dünyası qarşısında göstərdiyi misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının insan hüquqları üzrə ilk müvəkkili, kimya elmləri doktoru, professor Elmira Teymur qızı Süleymanova Fondun Prezidenti Eldar İsmayılov tərəfindən "Mehriban ana" ordeni ilə təltif edilmişdir.