...

Azərbaycanda şagirdlər evdə filtrasiyalı internetdən istifadə edəcəklər

Cəmiyyət Materials 18 Oktyabr 2011 16:28 (UTC +04:00)
Azərbaycanın bəzi orta məktəblərində şagirdlər evdə ödənişsiz internetdən istifadə edə biləcəklər. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib.
Azərbaycanda şagirdlər evdə filtrasiyalı internetdən istifadə edəcəklər

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın bəzi orta məktəblərində şagirdlər evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib.

Onun sözlərinə görə, filtrasiyalı internetdən "Elektron məktəb" layihəsinin iştirakçısı olan orta məktəblərdə təhsil alan və netbuklarla təmin edilmiş şagirdlər istifadə edəcəklər.

Məmmədov deyib ki, netbuklar "Elektron məktəb" layihəsi rəhbərliyinin qərarı ilə seçilmiş siniflərin şagirdlərinə paylanılıb. 2010-2011-ci illərdə şagirdlərə 2000-dən artıq netbuk verilib.

Nazirlik yaxın bir ay ərzində netbukları olan bu şagirdlərə internetdən pulsuz istifadə üçün xüsusi flaş kartlar da verəcək. Bu kartlar "Azedunet" və "SAZZ" şirkətləri tərəfindən şagirdlərin valideynlərə pulsuz paylanılacaq.

İdarə rəisinin sözlərinə görə, şagirdlər evdə yalnız filtrasiya sistemli internetdən istifadə edəcəklər.

O əlavə edib ki, hazırda təhsil müəssisələrinə verilən internetdə xüsusi filtrasiya sistemi tətbiq edilir.

"Hazırda şagirdləri təhlükəsiz internetlə təmin edirik. Bu işi getdikcə gücləndiririk. Çalışırıq ki, təhsil müəssisələrimizdə olan internet tam təhlükəsiz olsun", - Məmmədov qeyd edib.

Nazirlik rəsmisi deyib ki, orta məktəblərdə bütün porno, terror, dini təşviqatlar aparan saytlar filtrasiyadan keçirilir. Ona görə də şagirdlər həmin saytlara daxil ola bilmirlər.

Məktəblərə verilən internetə ciddi nəzarət edildiyini deyən Məmmədovun sözlərinə görə, təhsil naziri Misir Mərdanovun əmri ilə internetin filtrasiyası üzrə şura yaradılıb. Geniştərkibli və müstəqil olan bu şurada valideynlər, müəllimlər, media işçiləri də təmsil olunublar. Şura filtrasiya ilə bağlı hər hansı məsələni, eyni zamanda problemlər yarandıqda onu müzakirə edir, qərar qəbul edir.

Xəbər lenti

Xəbər lenti