Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı və ARDNŞ-nin dəstəyi ilə Kiyev şəhərinin mərkəzində UAGB-nin Gənclər Mərkəzinin açılış mərasimi olub.
Birlikdən cümə axşamı Trend-ə bildirilib ki, Azərbaycanla Ukraynanın rəsmi dövlət nümayəndələrinin və diaspor fəallarının qatıldığı açılış mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) sədri Anar Tahirov çıxış edərək təşkilatın yaranmasından keçən dövr ərzində həyata keçirilmış tədbirlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Ukraynanın 19 vilayətində regional təşkilatlarını yaradan birliyin nəzdində şən və hazırcavablar klubu, milli musiqi ansanblı, "Bakı" futbol komandası fəaliyyət göstərir.
Tahirov bildirib ki, ətrafında minlərlə gənci birləşdirən birliyin əsas məqsədi xalqımızın qədim adət-ənənələrini, zəngin mədəni irsini qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, əsasən də Ukraynada azərbaycanlı gənclərin bu ölkənin ictimai siyasi həyatına inteqrasiyasını təmin etməkdən ibarətdir.
Azərbaycanda dövlət səviyyəsində gənclərə xüsusi diqqətin ayrılmasını sevindirici hal kimi səciyyələndirən Tahirov ARDNŞ-nin maddi dəstəyi ilə Kiyev şəhərində belə bir müasir Gənclər Mərkəzinin yaradılmasını Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Açılış mərasıminə qatılanları Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli artıq arxalarında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edən azərbaycanlı gənclərın xarici ölkələrdə bir çox tədbirlər həyata keçirməklə öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirmələrindən danışıb.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, millət vəkili Yaqub Mahmudov, Ukrayna parlamentinin deputatı Eduard Zeynalov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri İlqar Abbasov, DAK-ın Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov və digər çıxış edənlər təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişaf edərək bölgədə lider, beynəlxalq arenada nüfuz sahibinə çevrilməsindən söz açıblar.
Sonra tədbir iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar.
UAGB-nin fəaliyyəti ilə ətrafl www. uayu.orq saytı vasitəsi ilə tanış olmaq olar.