...

Azərbaycanda yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların strukturu dəyişdirilməlidir - ombudsman

Cəmiyyət Materials 21 Oktyabr 2011 15:43 (UTC +04:00)
Ombudsman Azərbaycanda icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların strukturunun dəyişdirilməsini vacib sayır.
Azərbaycanda yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların strukturu dəyişdirilməlidir - ombudsman

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman Azərbaycanda icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların strukturunun dəyişdirilməsini vacib sayır.

Trend-in sualına cavab olaraq ombudsman Elmira Süleymanova cümə günü keçirilən mətbuat konfransda bildirib ki, bu komissiyaların iş tərzi, əsasnaməsi dəyişdirilməlidir.

Süleymanova komissiyaların fəaliyyəti üçün işlək mexanizmin yaradılmasını zəruri hesab edib.

Qeyd edək ki, ekspertlər bu komissiyalarda kadrların sayının artırılmasını, onların işinə sosial işçilərin cəlb olunmasını, səlahiyyətlərinin artırılmasını, onlara lazımi maliyyə resurslarının ayrılmasını vacib sayır.

Ekspertlərin fikrincə, bu komissiyalar hansısa problemlə bağlı çıxış yolu təklif etsə də, yerlərdə o problemi həll edəcək xidmətlər yoxdur.

Uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsi prosesinin də təkmilləşdirilməsini vacib sayan ombudsman bildirib ki, hansısa statistika naminə bu proses aparılmamalıdır.

Onun sözlərinə görə, uşaq ailələrə verilərkən həmin ailənin vəziyyəti öyrənilməlidir.

"Ailənin vəziyyəti araşdırılmalıdır. Uşaq o ailədə internatdakından yaxşı şəraitdəmi yaşayacaq? Onun qidalanması, təhsili, yaşayış tərzi təkmilləşəcəkmi? Bunlar öyrənilməlidir", - Süleymanova deyib.

Respublikanın regionlarında və Bakıda bu sahədə vəziyyətin öyrənilməsi məqsədilə monitorinq aparıldığını deyən Süleymanova bildirib ki, monitorinq zamanı ailələrə verilən uşaqların internatdakından daha pis vəziyyətdə yaşaması hallarına rast gəlinib.

Ombudsman uşaqlarla işləyəcək sosial işçilərin, uşaq psixoloqlarının çatışmadığını deyib. O, bu sahədə yeni kadrların hazırlanmasına ehtiyac olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti