...

Azərbaycanda hotellərin turizm şirkətləri üçün xüsusi qiymətlər tətbiq etməsi təklif edilir

Cəmiyyət Materials 25 Oktyabr 2011 16:56 (UTC +04:00)
Azərbaycanda hotellərlə turizm şirkətləri arasında əlaqəni gücləndirmək üçün tərəflər arasında müqavilə münasibətlərinə yenidən baxmaq lazımdır.
Azərbaycanda hotellərin turizm şirkətləri üçün xüsusi qiymətlər tətbiq etməsi təklif edilir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hotellərlə turizm şirkətləri arasında əlaqəni gücləndirmək üçün tərəflər arasında müqavilə münasibətlərinə yenidən baxmaq lazımdır. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, hotellər özlərinə daha çox turist axınını təmin etmək məqsədilə turizm şirkətləri üçün korporativ qiymətlərdən də aşağı olan xüsusi qiymətlər tətbiq etməlidirlər.

Ağakərimov hesab edir ki, hotellərdə qiymətlər yüksək olduğundan, turizm şirkətləri oraya turist cəlb edə bilmirlər.

Ekspertin fikrincə, Azərbaycanın hotelləri fəaliyyətlərinin təşkilində Türkiyə təcrübəsindən faydalana bilərlər. Bu ölkədə hotellərlə turizm şirkətləri arasında əlaqələr çox yaxşı qurulduğundan, hotellərdəki qiymətlər turistlər üçün çox münasib olur. Bu da hotellərə daha çox turistin cəlb edilməsinə imkan verir.

"Turizm şirkətləri tur-paketləri hazırlayanda buraya yemək, nəqliyyat, ekskursiya, əlavə xidmətləri, ən başlıcası, mehmanxanada yaşayış xərclərini daxil edirlər. Buna görə də Azərbaycanda da hotellərlə turizm şirkətləri arasındakı münasibətlər çox yaxşı şəkildə yenidən qurulmalıdır. Hotellər öz yerlərinin boş qalmamasını istəyirlərsə, bu amili nəzərə almalıdırlar", - Ağakərimov deyib.

Azərbaycanın bir çox turizm şirkətləri hotellərlə olan əlaqələrini çox zəif hesab edirlər. Onlar bu qənaətdədirlər ki, ölkədəki hotellərdə qiymətlər baha olduğu üçün onlar orada turist yerləşdirə bilmirlər.

Bu ilin I yarısına olan məlumatlara görə, ölkədə 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Onların 93,3 faizi özəldir.

Xəbər lenti

Xəbər lenti