...

Bakı Fond Birjasının məlumatı: Fond bazarı nədir?

Cəmiyyət Materials 27 Oktyabr 2011 10:29 (UTC +04:00)
Bakı Fond Birjasının məlumatı: Fond bazarı nədir?
Bakı Fond Birjasının məlumatı: Fond bazarı nədir?

Əziz oxucular! Bildiyiniz kimi, 2011-ci ildə dövlət başçısı tərəfindən "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı təsdiq edilmişdir. Həmin proqramda yerli fond bazarının çoxvektorlu institusional inkişafına xidmət edəcək əsas hədəflərlə yanaşı, geniş kütlələrin maarifləndirilməsi istiqamətində mühüm çağırışlar öz əksini tapmışdır. Bakı Fond Birjası olaraq biz potensial emitent və investorlar klasterini biznes dairələri və əhalinin formalaşdırdığını başa düşərək fond bazarı barədə aşağıdakı materialı sizin diqqətinizə çatdırırıq.

Ötən əsrin ikinci yarısından etibarən elmi-texniki tərəqqinin təşəkkül tapması ilə qlobal leksikona yeni bir anlayış olan "fond bazarları" anlayışı daxil olmağa başladı. Hal-hazırda inkişaf etmiş dünyada bu termin hətta adi insanların gündəlik həyatlarına nüfuz etmişdir; ayı-ayrı iqtisadiyyatların inkişafından danışarkən məhz bu anlayışa istinad olunur, qlobal böhranların və ya sıçrayışların meydana gəlməsi bu terminlə əlaqələndirilir. Qlobal fond və ya başqa sözlə desək, kapital bazarları əslində olduqca əhatəli və mürəkkəb bir sahədir, lakin biz bu dəfə mürəkkəb təfərrüatlara varmayacayıq, əvəzində oxuculara Azərbaycan fond bazarı və orada ticarət olunan maliyyə alətləri barədə danışacağıq.

Azərbaycan fond bazarı kifayət qədər gənc olsa da, mövcud olduğu 11 il ərzində tam funksional infrastruktur yarada bilmişdir. Hal-hazırda milli fond bazarında dövlət siyasətini həyata keçirən vahid tənzimləyici icra hakimiyyəti orqanı olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, qiymətli kağızların ticarətinin və hesablaşma əməliyyatlarının baş verdiyi Bakı Fond Birjası, qiymətli kağızların qeydiyyatının və uçotunun aparıldığı Milli Depozit Mərkəzi və qiymətli kağızlarla ticarəti bilavasitə təşkil edən broker təşkilatları mövcuddur. Bu təsisatlar bir-biri ilə sıx qarşılıqlı əlaqədə olub bazarın ümumi inkişafını təmin edirlər.
Bəs yerli fond bazarında hansı maliyyə alətləri alınıb-satılır və onların hansı xüsusiyyətləri var?
Azərbaycan fond bazarı iki sektordan ibarətdir:
1) dövlət qiymətli kağızlar sektoru;
2) korporativ qiymətli kağızlar sektoru.
Hər bir sektorda müəyyən maliyyə alətləri ticarət olunur.

Dövlət qiymətli kağızlar sektoruna Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən emissiya edilən dövlət istiqrazları, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli Notlar və bu alətlərlə keçirilən Repo əməliyyatları daxildir.

Korporativ qiymətli kağızlar sektoru isə ölkədə fəaliyyət göstərən şirkətlərin səhmlərindən və korporativ istiqrazlarından ibarətdir. Aşağıda biz hər bir qiymətli kağızın xüsusiyyətləri və təyinatı barədə məlumat verəcəyik.

Dövlət istiqrazlarının və qısamüddətli Notların buraxılışına dövlətin büdcə və monetar siyasətinin tərkib hissəsi kimi yanaşıla bilər. Belə ki, Maliyyə Nazirliyinin emissiya etdiyi dövlət istiqrazları daxili borclanma aləti olub büdcə ehtiyacları üçün vəsait cəlb edilməsi məqsədinə xidmət edir. Hal-hazırda bazarda aşağıda göstərilmiş dövriyyə müddətlərinə malik dövlət istiqrazları mövcuddur:
1. Qısamüddətli istiqrazlar (dövriyyə müddəti 1 ilədək)
2. Ortamüddətli istiqrazlar (dövriyyə müddəti 1 ildən 3 ilədək)
3. Uzunmüddətli istiqrazlar (dövriyyə müddəti 5 ilədək)
Dövlət istiqrazları üzrə gəlirlilik 1-3 aylıq istiqrazlar üzrə 1,50-2,50%, 6-12 aylıq istiqrazlar üzrə 3-3,50%, 2-3 illik istiqrazlar üzrə 4,50% səviyyəsində formalaşmışdır. Dövlət istiqrazlarının alınmasında heç bir məhdudiyyət yoxdur, bu kağızları həm yerli, həm də xarici fiziki və hüquqi şəxslər əldə edə bilərlər.

Azərbaycan Mərkəzi Bankının monetar siyasətinin tərkib hissəsi olaraq emissiya etdiyi qısamüddətli Notlar 28 günlük dövriyyə müddətinə malik olan qiymətli kağızlardır. Bu kağızları buraxmaqla ölkənin mərkəzi bankı dövriyyədə olan sərbəst pul kütləsinin sterilizasiyası məqsədini güdür. Hazırda 3% gəlirliliyə malik olan Notların alıcıları qismində yalnız ölkədə fəaliyyət göstərən kommersiya bankları çıxış edə bilərlər.

Bakı Fond Birjasında ən çox ticarət görən maliyyə aləti olan Repo Notlarla əsasında keçirilən qısamüddətli (adətən 1-5 günlük) əməliyyat olub bankların sərəncamında olan qısamüddətli sərbəst vəsaitlərin Mərkəzi Bank tərəfindən alınması və beləliklə də həmin vəsaitlərin sterilizasiya edilməsi məqsədinə xidmət edir. Repo əməliyyatları bir qayda olaraq müvəkkil banklar və Mərkəzi Bank arasında baş tutur.

Hal-hazırda bazarda banklararası repo maliyyə aləti də mövcuddur ki, bunun da məqsədi bankların qısa müddət üçün operativ şəkildə bir-birindən borclanmasından ibarətdir.

Geniş miqyasda kapital bazarlarının klassik alətləri dedikdə ilk olaraq səhmlər və korporativ istiqrazlar yada düşür. Bu alətlər bu və ya digər şirkət tərəfindən əlavə maliyyə cəlb etmək məqsədilə buraxılır.

Səhm - öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. Səhmin iki növü vardır:

• Adi səhm
• İmtiyazlı səhm

Adi səhm - sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir.
İmtiyazlı səhm - sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir.

Səhmlər kimi korporativ istiqrazlar da şirkətlər tərəfindən əlavə vəsait cəlb etmək məqsədilə buraxılır, lakin səhmdən fərqli olaraq istiqraz borc qiymətli kağızıdır. İstiqraz buraxılışı vasitəsilə emitent kənar mənbələrdən müəyyən müddətə pul vəsaiti cəlb edir və həmin müddətin sonunda öz istiqrazlarını geri alaraq cəlb edilmiş vəsaitləri müəyyən gəlirliliklə birlikdə geri qaytarır. İstiqrazların aşağıdakı əsas növləri vardır:
• Diskont istiqrazlar
• Kuponlu istiqrazlar

Diskont istiqrazlar üzrə gəlir nominal qiymətlə investora satış qiyməti arasındakı fərqə bərabərdir. Belə istiqrazlar halında, bir qayda olaraq istiqrazın nominal qiyməti satış qiymətindən yüksək olur. Yuxarıda haqqında danışdığımız bəzi dövlət istiqrazları və qısamüddətli Notlar da məhz bu tip istiqrazlara aiddir.

Kuponlu istiqrazlar üzrə gəlir istiqrazın dövriyyə müddəti ərzində vaxtaşırı olaraq ödənilən müəyyən sayda kuponlardan (faizlərdən) ibarətdir. Misal üçün, əgər illik gəlirliliyi 14% olan kuponlu istiqraz 1 illik dövriyyə müddəti üzrə buraxılırsa və kuponlar hər rüb ödənilirsə, o zaman emitent istiqraz sahiblərinə hər rüb 3,5% gəlirlilik ödəyəcək (14:4 = 3,5%).

Səhmlər və korporativ istiqrazlar emitentlər üçün maliyyə vəsaitlərinin cəlbi baxımından əlverişli olduğu qədər investorlar üçün də sərmayələrinin effektiv yatırılması baxımından cəlbedicidir. Düzgün sərmayə isə düzgün investisiya qərarı ilə müşayiət olunur.

Beləliklə, bu məqalədə biz oxucuları Azərbaycan fond bazarında ticarət olunan maliyyə alətləri ilə tanış etməyə çalışdıq. Ümidvarıq ki, qısa zaman kəsiyi ərzində Azərbaycanda yaxşı məlumatlanmış investorlar və emitentlər təbəqəsi meydana çıxacaq və Azərbaycan fond bazarı bundan bəhrələnəcəkdir.

Xəbər lenti

Xəbər lenti