Azərbaycan, Bakı, 28 oktyabr / Trend, müxbir A.Axundov /
Azərbaycanın Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Ukrayna, Türkiyə, Rusiyanın Sankt-Peterburq və Həştərxan vilayətlərinin həmkarlar ittifaqları ilə əmək miqrantlarının sosial müdafiəsinin qarşılıqlı şəkildə təmin olunması üçün müqavilələrin imzalanması ilə bağlı danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə AHİK-nın sədri Səttar Mehbalıyev "Beynəlxalq Əmək Təşkilatının Azərbaycanda reallaşdırdığı miqrasiya layihələrinin yerinə yetirilməsinin nəticələri" konfransında bildirib.
"MDB ölkələrində və ümumilikdə dünyada güclənən miqrasiya proseslərinin effektiv idarə olunması üçün biz öz fəaliyyətimizi müxtəlif ölkələrin həmkarlar təşkilatları ilə əlaqələndirməyə çalışırıq, onlarla əməkdaşlıq haqqında sazişlər imzalayırıq. O cümlədən, Gürcüstanın, RF-nin Sverlovsk vilayətinin həmkarlar təşkilatları ilə sazişlər var", - Mehbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycandan olan və eyni zamanda Azərbaycan vətəndaşlığını saxlayan miqrantların əksəriyyəti Rusiyada yaşayır. Bundan əlavə, azərbaycanlı əmək miqrantları Türkiyədə, BƏƏ-də və bir sıra Avropa ölkələrində işləyir.
Azərbaycan üçün əmək miqrasiyası problemi həmişə aktual olub, bu problem 1980-ci ildən güclənməyə başlayıb. Lakin ölkədə işsizliyin səviyyəsinin azalması ilə miqrasiyanın səviyyəsi aşağı düşüb.
"Bu gün xaricdə Azərbaycan vətəndaşlığı olan 400-500 min miqrant çalışır", - Mehbalıyev deyib.