...

Milli Məclis Azərbaycanda insan alverinin vəziyyəti ilə bağlı hesabatı qəbul edib

Cəmiyyət Materials 28 Oktyabr 2011 13:44 (UTC +04:00)
Milli Məclisin cümə günü keçirilən iclasında Azərbaycanda insan alverinin vəziyyəti və mövcud problemlər müzakirə olunub.
Milli Məclis Azərbaycanda insan alverinin vəziyyəti ilə bağlı hesabatı qəbul edib

Azərbaycan, Bakı, 28 oktyabr / Trend müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən iclasında Azərbaycanda insan alverinin vəziyyəti və mövcud problemlər müzakirə olunub.

Trend-in məlumatına görə, millət vəkili Məlahət İbrahimqızı insan alverinə qarşı mübarizə ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib ki, Azərbaycanda qadınlar məişət problemləri ilə bağlı polisə şikayət etmirlər. Onun sözlərinə görə, polis sahə məntəqələrinə qadın polis işçilərinin cəlb olunması bu məsələnin həllinə vasitə ola bilər.

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov iclasda bu məsələyə münasibət bildirərək qeyd edib ki, daxili işlər orqanlarında hazırda 2376 qadın çalışır.

Onun sözlərinə görə, daxili işlər orqanlarında çalışmaq üçün qadınlara kişilərə nisbətən daha uyğun şəraitlər yaradılır.

"Qadınlara qarşı cinayətlər və onların hüquqlarının pozulması faktları daim nəzarətdə saxlanılır", - Eyvazov deyib.

Millət vəkili Fazil Mustafa bildirib ki, ölkədə insan alveri ilə bağlı mövcud olan ən əsas məsələlərdən biri azyaşlı uşaqların əməyə cəlb olunmasıdır.

"Uşaqlar satıcı kimi və ya digər xidmət sahələrində çalışaraq təhsildən kənarda qalırlar", - o qeyd edib. Deputatın sözlərinə görə, bu, əsasən həmin uşaqların ailələrinin çətin maddi durumu ilə bağlıdır.

Eyvazov millət vəkilinin qaldırdığı məsələyə münasibət bildirərək deyib ki, bu sahədə aidiyyəti orqanlarla mütəmadi araşdırmalar aparılır. O, 500-ə yaxın belə uşağın aşkarlandığını qeyd edib.

Millət vəkili Rəbiyyət Aslanova beynəlxalq hesabatlarda Azərbaycanın insan alveri ilə bağlı 2-ci risk qrupuna aid edilməsini ədalətsiz sayıb. Onun sözlərinə görə, beynəlxalq hesabatlarda Azərbaycan insan alverinin təyinat ölkəsi kimi qeyd olunur.

"Halbuki ildə 50 min qadın ABŞ-a gedərək insan alveri qurbanı olur. Demək ki, hesabatı hazırlayan ABŞ özü insan alverinin təyinat ölkəsidir", - deputat deyib.

Aslanovanın sözlərinə görə, bütün ölkələrin bərabər məsuliyyəti var və Azərbaycan bütün konvensiyalara qoşularaq onların tələblərinə riayət edir.

Deputatların çıxışından sonra Milli Koordinatorun hesabatı 99 səs çoxluğu ilə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti