Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir M.Əliyev/
Mərasimlərdə israfçılığın qarşısının alınmasını həmin bölgənin ağsaqqalları, din xadimləri hökumətlə birlikdə həll etməlidirlər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çərşənbə axşamı jurnalistlərə deyib.
Onun sözlərinə görə, parlamentdə müzakirə olunan "Mərasimlər haqqında" qanun layihəsinin müddəaları bu gün Azərbaycan reallıqlarına uyğun gəlmir.
"Tacikistanda toy kartecini müşayiət edə bilən maşınların sayı ilə bağlı reqlament müəyyən edilib. Toyda verilən yeməklərin və qonaqların sayı da qanunla tənzimlənir. Belə məhdudiyyətlər Azərbaycanda tətbiq olunsa, cəmiyyət tərəfindən gülünc qarşılanar", - o deyib.
Rəcəbli hesab edir ki, Azərbaycanda el şənliklərinin və toy mərasimlərinin mədəniyyəti yüksəlməlidir.
Komitə sədrinin fikrincə, kiçik zaman kəsimində insanlar bunun yalnız israfçılıq, səs-küy olmasını, bayram olmamasını dərk edərək imtina edəcəklər.
"Şadlıq evlərində də bəzi neqativ hallar var, onlar bəzi məsələləri diqtə edirlər. Lakin bütövlükdə sifarişi toy sahibi verir", - Rəcəbli deyib.
Onun fikrincə, bu məsələdə ziyalıların nümunə göstərməsi vacibdir.
İnzibati metodlarla israfçılığın qarşısının alınması fikrinə münasibət bildirən Rəcəbli nümunə kimi Naxçıvanda toy və hüzr mərasimlərinin tənzimlənməsində inzibati metodlardan çox, ağsaqqal amilinin rolu olduğunu vurğulayıb.
Hadı Rəcəbli: Mərasimlərdə israfçılığın qarşısı ağsaqqallar və din xadimlərinin birgə iştirakı ilə alına bilər
Mərasimlərdə israfçılığın qarşısının alınmasını həmin bölgənin ağsaqqalları, din xadimləri hökumətlə birlikdə həll etməlidirlər.