Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan yollarında "ağıllı radarlar"ın və videokameraların quraşdırılması prosesi tam başa çatandan sonra yüksək sürət səbəbindən baş verən yol nəqliyyat hadisələrinin sayı azalacaq. Bunu çərşənbə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
O bildirib ki, artıq respublika yollarında bu qurğuların quraşdırılması və fəaliyyəti öz müsbət nəticəsini verir.
"Qurğular quraşdırılan ərazilərdə sürətlə bağlı yol nəqliyyat hadisələri, demək olar, minimuma enib. Belə qurğular rayonlararası yollarda quraşdırılıb və bu yollarda sürücülər sürət həddini aşmır. Artıq sürücülər radarı "aldadaraq" onun yanından keçərkən sürəti azaldıb, uzaqlaşdıqda isə sürəti artırmaqla heç bir nəticə əldə edə bilmirlər. İstənilən formada "ağıllı radar"lar bu sürücüləri müəyyən edə bilir. Sürücülər inzibati məsuliyyətdən qorxduqlarına görə, sürət həddini aşmamağa çalışırlar", - Əliyev deyib.
Şöbə rəisi hesab edir ki, bu qurğular Bakıda da quraşdırılandan sonra şəhər daxilində yüksək sürət səbəbindən baş verən qəzaların qarşısı alınacaq.
İdarə sözçüsü bildirib ki, sürücülər yol və meteoroloji şəraitə uyğun olaraq sürət həddi seçməlidirlər.
"Sürət həddini aşmaq dedikdə, bu, təkcə müəyyən olunmuş sürət həddini aşmaq kimi başa düşülməməlidir. Sürücülər hərəkət şəraitinə uyğun sürəti düz seçmirlər. Hava şəraiti, görünmə şəraiti sürət 90 km/saat olan yolda sürücüyə avtomobili bu sürətlə idarə etməyə imkan verməyə bilər. Sürət həddinin yol şəraitinə, meteoroloji şəraitə uyğun seçilməməsi yol nəqliyyat hadisəsinə səbəb olur", - o deyib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, yüksək sürət səbəbindən baş verən yol qəzalarının təhlili aparılır və hansı yolda hadisənin çox baş verdiyi müəyyən olunursa, həmin yolda sürət nisbətən məhdudlaşdırılır.
"Paytaxtda nəqliyyatın intensiv hərəkəti üçün yeni standartlara cavab verən yollar salınır. Amma yollarda hərəkət sürətini məhdudlaşdırmaq və bununla bağlı yol nişanlarının qoyulması çıxış yolu deyil", - şöbə rəisi deyib.
Ağıllı radarlar tək sürəti yox, digər qayda pozuntularını da qeydə alacaq. Yeni radarlarda nömrə oxuyan xüsusi proqram var. Əgər avtomobil axtarışdadırsa, məhkəmə tərəfindən həbs qoyulubsa, həmin qurğu vasitəsilə müəyyən ediləcək.
Qeyd edək ki, bu ilin 9 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının 43 faizdən çoxu avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi məlumatına görə, yanvar-sentyabr aylarında respublikada 2237 yol qəzası qeydə alınıb. Qəzaların 984-ü avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Bu hadisələrdə 368 nəfər ölüb, 929 nəfər xəsarət alıb.