Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir B.Hacıyev/
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçirib.
Ombudsman Aparatının mətbuat ximdətindən cümə axşamı Trend-ə verilən məlumata görə, baxış zamanı saxlanılan şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah olunub, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb.
Habelə saxlanma şəraitinin müvafiq normalara uyğunluğu, həmin şəxslərin vəkillə təmin olunması, hər hansı kobud rəftara məruz qalıb-qalmaması, tibbi yardımın göstərilməsi, saxlanma şəraiti ilə əlaqədar kameraların normal işıqlanma və ventilyasiyası, ibadət otağının olması, gündəlik isti yeməyin verilməsi, gigiyena tələblərinə riayət edilməsi vəziyyəti yoxlanılıb.
Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq bildirməyiblər.
Baxış zamanı həmin müvəqqəti saxlama təcridxanalarının şəraitinin standartlara uyğun olduğu müəyyən edilib.
Ombudsman baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.