...

Azərbaycan Parlamentinin deputatları ailənin tək övladının hərbi xidmətə çağırılmamasına dair təkliflə çıxış ediblər

Cəmiyyət Materials 15 Noyabr 2011 13:32 (UTC +04:00)
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputatlar "Hərbi xidmətə çağırış haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı təkliflər ediblər.
Azərbaycan Parlamentinin deputatları ailənin tək övladının hərbi xidmətə çağırılmamasına dair təkliflə çıxış ediblər

Azərbaycan, Bakı, 15 noyabr / Trend müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputatlar "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı təkliflər ediblər.

Trend-in məlumatına görə, millət vəkili Fazil Mustafa ailənin tək övladı olan kişilərin hərbi xidmətə çağırılmamasını təklif edib.

"Bu yaxınlarda general Lənkəran Əliyevin qardaşı oğlu vəfat etdikdən sonra bildirilib ki, həmin uşaq nəslin davamçısı olacaq yeganə oğlan idi. Fikrimcə, bu, tək övladların hərbi xidmətə çağırılmaması üçün bir mesajdır", - o deyib.

Deputat Elmira Axundova Fazil Mustafanın təklifinə dəstək verərək əlavə edib ki, tənha anaların övladlarının da orduya çağırılmamasına ehtiyac var.

Millət vəkili Cavanşir Feyziyev çıxış edərək magistraturaya daxil olan gənclərin təhsilini başa vurduqdan sonra hərbi xidmətə getməsinin qanunvericilikdə əks olunmasını təklif edir.

Birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, Milli Məclis, Müdafiə Nazirliyi və Azərbaycan Prezidenti Administrasiyası hərbi qanunvericilik aktlarının monitorinqini aparır və bunun nəticəsi olaraq dəyişikliklər müzakirəyə çıxarılacaq.

İndiki qanunvericilikdə ailənin tək övladı həqiqi hərbi xidmətə çağırılır.

Xəbər lenti

Xəbər lenti