...

Gələn ilin sentyabrınadək bağçaların akkreditasiyadan keçmə meyarları hazırlanacaq

Cəmiyyət Materials 15 Dekabr 2011 16:49 (UTC +04:00)
Azərbaycanda gələn ilin sentyabrınadək məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyadan keçilməsi üçün meyarlar hazırlanacaq.
Gələn ilin sentyabrınadək bağçaların akkreditasiyadan keçmə meyarları hazırlanacaq

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gələn ilin sentyabrınadək məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyadan keçilməsi üçün meyarlar hazırlanacaq. Bunu Trend-ə Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.

Onun sözlərinə görə, sənəd hazır olandan sonra artıq məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyasına başlamaq üçün təkliflə çıxış edəcəklər.

Zərbəliyev qeyd edib ki, gələn həftədən orta məktəblərin akkreditasiyasına başlanacaq. İlkin mərhələdə akkreditasiya prosesi Dünya Bankının vəsaiti ilə təmir edilmiş 11 pilot məktəbi əhatə edəcək. Həmin məktəblər Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Şirvan şəhər 16 saylı, Bakı şəhər 225 saylı tam orta məktəblər, Sumqayıt şəhər təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı və Quba rayon 2 saylı tam orta məktəblərdir.

Bu məktəblərin akkreditasiyası bu tədris ilinin sonuna kimi yekunlaşacaq.

"Mart-aprel ayında isə növbəti tədris ili üçün qrafik hazırlanacaq. Gələn il üçün də elə bu qədər, yəni 10-11 məktəbin akkreditasiyadan keçirilməsi nəzərdə tutulacaq", - Zərbəliyev qeyd edib.

Nazirlik rəsmisi bildirib ki, akkreditasiya prosesinə hazırda yalnız yerli mütəxəssislər cəlb olunur. Amma akkreditasiyaya beynəlxalq ekspertlərin də cəlbi planlaşdırılır.

"Amma bunun üçün maliyyə vəsaiti lazımdır. Biz bununla bağlı nazirliyin Aparatına təklif vermişik. Nazirlik də buna müsbət baxır. Amma bunun maliyyə mənbələrini araşdırıb tapmalıyıq. Güman edirəm ki, bu, nazirliyin büdcəsi hesabına çətin ki mümkün olsun. Çünki bu, böyük maliyyə vəsaitləri tələb edir", - Zərbəliyev qeyd edib.

Hazırda Azərbaycanda ali, orta ixtisas, peşə məktəblərinin akkreditasiyası aparılır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti