Azərbaycan, Bakı, 1 yanvar /Trend/
Yeni ilin ilk günündə, yanvarın 1-də Qusar Rayon Polis Şöbəsinin əməkdaşları üçün yeni yaşayış binası istifadəyə verilmişdir. Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov iştirak etmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir müavini təntənəli açılışı bildirən qırmızı lenti kəsmiş və bina ilə yaxından tanış olmuşdur. Məlumat verilmişdir ki, tikintisinə ötən ilin dekabrında başlanmış 4 mərtəbəli, 30 mənzilli binanın ümumi sahəsi 2650 kvadratmetrdir. Binada 7 birotaqlı, 17 ikiotaqlı və 6 üçotaqlı mənzil vardır. Ən müasir standartlara uyğun inşa olunmuş mənzillərin bütün otaqları zəruri avadanlıq və inventarlarla təchiz edilmişdir. Ümumi sahəsi 0, 38 hektar olan yaşayış kompleksinin ərazisində ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılmışdır. Həyətdə uşaq şəhərciyi salınmışdır. Ərazi işıqlandırma sistemi ilə təmin olunmuş, hasarlanmış, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Polis general-leytenantı Vilayət Eyvazov mənzillərə baxmış, binanın yerləşdiyi ərazidə görülmüş işlərlə tanış olmuşdur. Görülən işləri yüksək qiymətləndirən nazir müavini Rayon Polis Şöbəsinin əməkdaşlarının normal yaşamaları üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirmiş və diqqətə çatdırmışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev şəxsi heyətin cinayətkarkıqla qətiyyətli mübarizə, ictimai asayişin, əmin-amanlığın qorunması sahəsində əldə etdiyi uğurları hər zaman yüksək qiymətləndirmiş, bunu çoxsaylı çıxışlarında dəfələrlə vurğulamış, DİO-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların maddi rifahının yaxşılaşdırılması yönündə mühüm addımlar atmışdır. Məhz belə ali diqqət və qayğının nəticəsində təkcə ötən il daxili işlər orqanları və Daxili Qoşunlar üçün müxtəlif təyinatlı 32 obyekt tikilib istifadəyə verilmişdir ki, bunun da 11-i ərazi polis orqanları üçün yeni inzibati binalar olmuşdur.
Həmin gün həmçinin RPŞ-nin ən müasir tələblərə cavab verən, yeni dizaynla tikilmiş 50 yerlik yeməkxanasının da açılışı olmuşdur. Nazir müavini mətbəx və yardımçı otaqlarla tanış olmuş, əməkdaşlar üçün yaradılmış şəraitdən razı qalmışdır.
Tədbirə yekun vuran polis general-leytenantı Vilayət Eyvazov əmin olduğunu bildirmişdir ki, Qusar RPŞ-nin şəxsi heyəti yüksək diqqət və qayğıya rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz layiqli töhfəsi ilə cavab verəcəkdir.