Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış komissiyanın ilk iclası keçirilib.
Maliyyə Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan komissiyanın sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov dövlət başçısının fərmanından irəli gələn əsas məqsəd və hədəflərdən bəhs edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldığını vurgulayan komissiyanın sədri bildirib ki, sözügedən fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət büdcəsi vəsaiti hesabına mənzillə təminatına əsas yaradacaq.
Komissiya sədri bildirib ki, 1992-ci il yanvarın 1-də qüvvəyə minmiş "Hərbi qulluqçuların statusu haqqında" qanunda hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müddəaların olmasına baxmayaraq, praktiki olaraq bunların həyata keçirilməsi mümkün olmayıb.
"Çünki qanun qəbul olunarkən dövlətin real maliyyə imkanları düzgün qiymətləndirilməyib. Bu da sözügedən qanunun icrasını mümkünsüz edib. Prezident İlham Əliyev tərəfindən 2011-ci il 28 dekabr tarixində imzalanmış fərman isə Silahlı Qüvvələrin hərbi qulluqçularının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tarixi bir qərar olmaqla, onların mənzillə təmin edilməsi məsələsinin həllinin real və praktik mexanizmini özündə təsbit edir", - o deyib.
İclasda dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısının hazırlanması məsələsi də müzakirə olunub. Qeyd olunub ki, qarşıya qoyulan məqsədə çatmaq üçün ilk növbədə fərmanda göstərilən müddətdə qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısının hazırlanması üçün istifadə olunacaq meyarlar düzgün müəyyənləşdirilməlidir.
Komissiya tərəfindən aşağıdakı meyarlardan istifadə olunması qərara alınıb:
Hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, o cümlədən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və dövlət tərəfindən xidmət dövründə mənzillə təmin olunma.
Eyni zamanda qərara alınıb ki, Azərbaycan Müdafiə Nazirliyi müəyyən olunmuş meyarlara cavab verən hərbi qulluqçular barədə məlumatı komissiyaya təqdim etsin.
İclasda çıxış edən komissiya üzvləri hərbi qulluqçuların dövlət tərəfindən mənzillə təmin edilməsinə dair qərarı yüksək qiymətləndirərək komissiyanın işi ilə bağlı fikirlərini söyləyiblər.
Komissiyanın növbəti iclasının fevral ayının ilk ongünlüyündə keçirilməsi qərara alınıb.