...

Ötən il Azərbaycanda ən çox sənaye məhsulu mədənçıxarma bölməsində istehsal edilib

Cəmiyyət Materials 18 Yanvar 2012 16:00 (UTC +04:00)
Azərbaycanda ötən il sənaye sahəsində məhsul istehsalı 2010-cu illə müqayisədə 5 faiz azalıb.
Ötən il Azərbaycanda ən çox sənaye məhsulu mədənçıxarma bölməsində istehsal edilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ötən il sənaye sahəsində məhsul istehsalı 2010-cu illə müqayisədə 5 faiz azalıb.

Dövlət Statistika Komitəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, sənaye məhsulunun 77,9 faizi və ya 26,9 milyard manatı mədənçıxarma bölməsində, 17 faizi (müvafiq olaraq 5,9 milyard manatı) emal bölməsində, 4,5 faizi (1,6 milyard manatı) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi (188,5 milyon manatı) su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. Sənaye məhsulu istehsalı neft sektorunda 8,5 faiz azalıb, qeyri-neft sektorunda isə 11,1 faiz artıb.

2011-ci il ərzində mədənçıxarma bölməsində 45,4 milyon ton neft, 25,7 milyard kubmetr qaz hasil olunub.

Emal bölməsinin məhsullarından qida məhsullarının istehsalı 5 faiz, içki istehsalı 8,4 faiz, geyim istehsalı 56,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı 23,4 faiz, poliqrafiya məhsulu 12,8 faiz, neft məhsullarının istehsalı 0,9 faiz, kimya məhsullarının istehsalı 27,1 faiz, tikinti materialları istehsalı 4,4 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 1,9 dəfə, kompüter və digər elektron avadanlıqların istehsalı 22,8 faiz, mebel istehsalı 24,5 faiz artıb.

İl ərzində ölkənin elektrik stansiyalarında 20,1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

Sənaye müəssisələri tərəfindən 593 "Belarus" tipli traktor, 556 ədəd "Lifan" markalı minik avtomobili, 727 ədəd "MAZ" markalı yük avtomobili, 19,2 min ədəd televizor, 4,3 min ədəddən çox kondisioner istehsal edilib.

Xəbər lenti

Xəbər lenti