...

Fiziki qüsuru olan azərbaycanlı qız ABŞ vətəndaşları tərəfindən övladlığa götürülüb

Cəmiyyət Materials 19 Yanvar 2012 13:57 (UTC +04:00)
Bir neçə gün əvvəl Azərbaycan vətəndaşı olan fiziki qüsurlu qız uşağı ABŞ vətəndaşları tərəfindən övladlığa götürülüb.
Fiziki qüsuru olan azərbaycanlı qız ABŞ vətəndaşları tərəfindən övladlığa götürülüb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bir neçə gün əvvəl Azərbaycan vətəndaşı olan fiziki qüsurlu qız uşağı ABŞ vətəndaşları tərəfindən övladlığa götürülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova cümə axşamı Trend-ə bildirib ki, 2008-ci il təvəllüdlü bu qız atılmış uşaqdır və beynində qüsur olduğu üçün şuntlama əməliyyatı keçirib.

Dəfələrlə Azərbaycan ailələrinə övladlığa verilmək üçün təklif edilsə də, ailələr ondan imtina edib.

Mövsümova bildirib ki, 2011-ci ildə Azərbaycanda 7 uşağın əcnəbi vətəndaşlar tərəfindən övladlığa götürülməsi prosesi olub. Bu uşaqlardan 5-i qız, 2-si oğlan olub.

Onlar Rusiya, Türkiyə, Fransa və ABŞ vətəndaşları tərəfindən övladlığa götürülüb.

Sektor müdiri deyib ki, hazırda uşaq götürmək üçün Komitədə 10 ailə qeydiyyatdadır, bir neçə ailənin isə sənədləri araşdırılır.

Övladığıa uşaq götürmək istəyən əcnəbilər Rusiya, ABŞ və Avropa ölkələrinin vətəndaşlarıdır.

Mövsümovanın sözlərinə görə, 2007-2011-ci illər ərzində Komitənin razılığı ilə 15 ailə tərəfindən 16 uşaq övladlığa götürülüb. Azərbaycandan uşaq övladlığa götürənlər sırasında Rusiya, Türkiyə, Fransa, ABŞ, Belçika, Ukrayna, Hindistan, İrlandiya vətəndaşları var.

Komitəyə övladlığa uşaq götürmə ilə bağlı çoxsaylı müraciətlərin olduğunu deyən sektor müdiri bildirib ki, sənədləri Azərbaycan qanunvericiliyinə və "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyasına uyğun olan əcnəbilərin müraciətləri icraata qəbul edilir.

O qeyd edib ki, Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir.

Uşağı övladlığa götürən ailə və övladlığa götürməni həyata keçirən agentliklər Komitənin tələbi ilə 3 il ərzində 6 aydan bir olmaqla ildə iki dəfə uşağın həyat və şəraiti, inkişafı, təhsili və s. barədə məlumatları hesabat formasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edir.

Bu hesabatlara həmin uşaqların həyat tərzini, yaşayışını özündə əks etdirən fotoşəkillər, videogörüntülər və rəsmi orqanların bu uşaqların sağlamlığı, həyatı və s. haqqında sənədlər daxildir. Həmin sənədlər vasitəsilə uşağın yaşadığı həyat şəraiti ilə tanış olmaq mümkündür.

Mövsümova bəzi şəxslər tərəfindən xarici vətəndaşlara övladlığa verilmə ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirib və qeyd edib ki, indiyədək Komitə tərəfindən xarici vətəndaşlara övladlığa verilən uşaqların cinayət xarakterli məqsədlər üçün istifadə olunması ilə bağlı fakt qeydə alınmayıb.

Sektor müdiri deyib ki, xarici ölkə vətəndaşlarına övladlığa verilmiş uşaqlar əvvəlcə Azərbaycan ailələrinə təklif olunur.

"Onlar uşaqlarda kiçik bir qüsur görəndə, onu övladlığa götürmək istəmirlər. Hansı ki, bu qüsurlar yüngül əməliyyatlar və müalicə hesabına aradan qaldırıla bilər. Komitə Azərbaycan vətəndaşı olan uşaqların azərbaycanlı ailələr tərəfindən övladlığa götürülməsində maraqlıdır", - o bildirib.

Xəbər lenti

Xəbər lenti