...

"BP Azərbaycan" şirkəti Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq müqaviləsi imzaladı

Cəmiyyət Materials 26 Yanvar 2012 17:15 (UTC +04:00)
"BP Azərbaycan" şirkəti Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq müqavilələri imzalayıb.
"BP Azərbaycan" şirkəti Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq müqaviləsi imzaladı

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir M.Əliyev/

"BP Azərbaycan" şirkəti Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq müqavilələri imzalayıb.

Trend-in məlumatına görə, müqavilələrə əsasən, "BP Azərbaycan" şirkəti Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin London 2012 Olimpiya Oyunlarında rəsmi tərəfdaşı olacaq.

Müqavilələr Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına hazırlaşan Azərbaycan milli komandalarına və bir qrup seçilmiş idmançıya dəstək vermək məqsədi daşıyır.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bildirib ki, Olimpiyya və Paralimpiya Oyunları bütün ölkəyə həyəcan yaşadacaq bir tədbirdir.

"Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında iştirakını izləyərkən yaşanılan həyəcanı, həmçinin idmançılar vətənə olimpiya medalları ilə qayıdarkən duyulan fərəhi biz də sizinlə bölüşmək istəyirik", - o deyib.

Cavanşir bildirib ki, BP Olimpiya Oyunlarında Azərbaycandan yeddi idmançını öz xüsusi nümayəndəsi kimi seçib. Bunlar Cəbrayıl Həsənov (sərbəst güləş), Fəridə Əzizova (taekvondo), Rövşən Bayramov (yunan-Roma güləşi), İlham Zəkiyev (cüdo), Afaq Sultanova (cüdo), Oloxan Musayev (atletika), Oleq Panyutindir (atletika).

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə bildirib ki, Azərbaycan idmançıları London Olimpiya Oyunlarına artıq 30, paralimpiyaçılar isə 22 lisenziya qazanıblar. "Bu isə dövlətin idmana göstərdiyi qayğının nümunəsidir. Artıq ölkənin 33 bölgəsində Olimpiya kompleksləri inşa edilib", - o deyib.

Onun sözlərinə görə, 2012-ci ilin "İdman ili" elan olunması Prezident İlham Əliyevin ölkənin idmansevərlərinə olan diqqətinin göstəricisidir. İsmayılov bildirib ki, BP ilə bağlanan müqavilə Azərbaycan idmançılarının Olimpiya Oyunlarına daha yaxşı hazırlaşmasına imkan verəcək.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, BP və MOK yüksək səviyyədə əməkdaşlıq edirlər. "BP ilə MOK arasında əməkdaşlıq London Yay Olimpiya Oyunlarından sonra da davam edəcək. Çünki mən əminəm ki, BP-nin xüsusi təmsilçi kimi seçdiyi idmançılar qızıl medallarla qayıdacaqlar", - o deyib.

Azərbaycn Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov tədbirdə çıxışında Londondan medallarla, xüsusilə də qızıl medallarla qayıdacaqlarına əminliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən 2012-ci ilin "İdman ili" elan edilməsi ilə təkcə idman mütəxəsislərinin deyil, bütün ölkə ictimaiyyətinin idmana diqqətini artıracaq.

Xəbər lenti

Xəbər lenti