...

Zərdab rayon İcra Hakimiyyəti başçısının əmri qüvvədə saxlanıldı

Cəmiyyət Materials 28 Yanvar 2012 13:38 (UTC +04:00)
Zərdab rayon İcra Hakimiyyəti başçısının 29 mart 2010-cu il tarixli 17 saylı əmri qüvvədə saxlanılıb.
Zərdab rayon İcra Hakimiyyəti başçısının əmri qüvvədə saxlanıldı

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Zərdab rayon İcra Hakimiyyəti başçısının 29 mart 2010-cu il tarixli 17 saylı əmri qüvvədə saxlanılıb.

Zərdab rayon İcra Hakimiyyətinin başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəzri Babayevin şənbə günü Trend-ə verdiyi məlumata əsasən, İcra Hakimiyyətində xadimə işləyən Xəlilova Qərif Qaçay qızı əmrin qanunsuz olduğunu bildirərək, Zərdab rayon məhkəməsinə işə bərpa olunması ilə bağlı iddia ərizəsi ilə müraciət edib.

Zərdab rayon məhkəməsinin 27 dekabr 2010-cu il tarixli qətnaməsi ilə Xəlilova Qərif Qaçay qızının iddiası təmin edilməyib. Xəlilova Zərdab rayon məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət edib. Zərdab rayon İcra Hakimiyyəti Şirvan Apelyasiya Məhkəməsinin 5 may 2011-ci il tarixli qətnaməsindən Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edib.

Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2011-ci il tarixli qərarı ilə Zərdab rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilib. Belə ki, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 may 2011-ci il tarixli qətnaməsi ləğv edilib. İş yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri, Xəlilovanın vəkilinin, cavabdeh Zərdab rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri və səlahiyyətli nümayəndəsinin iştirakı ilə iddiaçı Xəlilova Qərif Qaçay qızının cavabdeh Zərdab rayon İcra Hakimiyyətinə qarşı işə bərpa və məcburi iş buraxmağa görə əməkhaqqı tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2011-ci il tarixli qərarı ilə Zərdab rayon məhkəməsinin 27 dekabr 2010-cu il tarixli qətnaməsi qüvvədə saxlanılıb. İddiaçı Zərdab rayon İcra Hakimiyyətinin keçmiş xadiməsi Xəlilova Qərif Qaçay qızının iddiası əsassız olduğundan təmin edilməyib.

Xəbər lenti

Xəbər lenti