...

Jurnalistlər üçün yazı müsabiqəsi elan olunub

Cəmiyyət Materials 31 Yanvar 2012 11:36 (UTC +04:00)
Azərbaycanda inzibati icraatla bağlı yazı müsabiqəsi elan olunub.
Jurnalistlər üçün yazı müsabiqəsi elan olunub

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda inzibati icraatla bağlı yazı müsabiqəsi elan olunub.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətindən (GIZ) Trend-ə verilən məlumata görə, "Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi" layihəsi jurnalistlər arasında "Azərbaycanda yeni inzibati hüquq: aktual məsələlər və perspektivlər" mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.

Müsabiqəyə Azərbaycanda yeni inzibati qanunvericilik ("İnzibati icraat haqqında" qanun və İnzibati-Prosessual Məcəllənin tətbiqi dairəsi, inzibati icraatın və inzibati məhkəmə prosesinin ümumi prinsipləri, inzibati orqanlar və inzibati aktlar, inzibati şikayətlər üzrə icraat, inzibati orqanların məsuliyyəti, inzibati məhkəmələrdə icraat və s.) və onların təcrübədə tətbiqi ilə bağlı problemlərə, onları doğuran səbəblərə və bu problemlərin həlli yolları ilə əlaqədar məsələlərə toxunan, o cümlədən məhkəmə təcrübəsinə dair araşdırma xarakterli məqalələr qəbul edilir.

Jurnalistlər müsabiqəyə fevralın 1-dən martın 15-dək dövri mətbuatda dərc edilən və ya tanınan internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir müəllif ikidən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən hər bir kəs aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdır.

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Müsabiqənin qalibləri birinci yer üzrə 500, ikinci yer üzrə 400, üçüncü yer üzrə 300 manat məbləğində mükafatla mükafatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti