...

Azərbaycanın baş infeksionisti əhalini diqqətli olmağa çağırıb

Cəmiyyət Materials 31 Yanvar 2012 11:56 (UTC +04:00)
Azərbaycanın baş infeksionisti ölkə ərazisində hava şəraitinin qarlı-şaxtalı keçməsi ilə əlaqədar insanları öz səhhətlərinə qarşı daha diqqətli olmağa çağırıb.
Azərbaycanın baş infeksionisti əhalini diqqətli olmağa çağırıb

Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın baş infeksionisti ölkə ərazisində hava şəraitinin qarlı-şaxtalı keçməsi ilə əlaqədar insanları öz səhhətlərinə qarşı daha diqqətli olmağa çağırıb.

"Qarın yağması xəstəliklərin sayını azaldar" fikrini əvvəllər söyləyərdilər. Amma indi hesab edilir ki, qarın yağması, havaların soyuması insan səhhətinə pis təsir edir. Çünki soyuq hava şəraitində insan orqanizmi zəifləyir, bu da xəstəliyin yaranmasına imkan verir. Belə şəraitdə insanlar arasında əsasən soyuqdəymə halları artır, qrip xəstəlikləri baş qaldırır", - çərşənbə axşamı Trend-ə müsahibəsində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev deyib.

Baş infeksionistin sözlərinə görə, qrip xəstəliyini törədən infeksiyalar qarlı havada məhv olmur. Belə hava şəraiti yalnız mikrobların sayının azalmasına təsir göstərə bilər. Buna görə də qarlı hava insanlar arasında kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınmasına təsir göstərmir.

İnstitut direktoru soyuq havalarda insanların kəskin respirator virus infeksiyalarından qorunması üçün bəzi məsləhətlərini də verib. O deyib ki, soyuq havalarda insanlar soyuqdəymə, qrip və paraqriplərdən qorunmaq üçün burun deşiklərinin hər ikisinə İnterferon damcısı tökməli və ya Oksolin mazı çəkməlidirlər. Bununla yanaşı, insanlar qida rejimlərinə də düzgün əməl etməli, yaxşı qidalanmalıdırlar.

Əliyev qeyd edib ki, hər ilin qış aylarında olduğu kimi, bu il də havaların soyuması ilə əlaqədar soyuqlayan insanların sayı artıb. Amma ümumilikdə bu il soyuqdəymədən əziyyət çəkənlərin sayı ötən ildəkindən azdır.

Baş infeksionist hazırda ölkədə qrip epidemiyasının olmadığını da nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti