...

Almaniyada Azərbaycan Günü keçirilib

Cəmiyyət Materials 31 Yanvar 2012 15:26 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 27-də Kassel şəhərində azərbaycanlı tələbələr tərəfindən "2012-ci ilin ilk Azərbaycan Gecəsi" adlı tədbir keçirilib.
Almaniyada Azərbaycan Günü keçirilib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Mehdiyev/

Almaniyanın Kassel şəhərində Azərbaycan Günü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 27-də Kassel şəhərində azərbaycanlı tələbələr tərəfindən "2012-ci ilin ilk Azərbaycan Gecəsi" adlı tədbir keçirilib.

Azərbaycanın təbliğinə və tanıdılmasına həsr olunmuş tədbirdə Kassel və yaxın şəhərlərdə təhsil alan kanadalı, amerikalı, rumıniyalı, moldovalı, qambiyalı, rus, ukraynalı, eləcə də alman və azərbaycanlı tələbələr iştirak ediblər. Qonaqlara Azərbaycanın coğrafi mövqeyi, tarixi, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti, 20 Yanvar və Xocalı soyqırımı haqqında vizual görüntülərlə məlumat verilib və Fransa parlamentinin qondarma "erməni soyqırımı"na dair qərarı kəskin tənqid edilib.

"Aşıq Şəmşir" adına Mədəniyyət ocağının Almaniyadakı nümayəndəsi Vasif Hüseynovun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə keçirilən uğurlu tədbirdə qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib.

Canlı musiqi ilə müşayiət olunan tədbirdə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin təqdimatında milli geyimlərdə Azərbaycan rəqsləri nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti