Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda 2009-2011-ci illərdə 17 yeni peyk rabitəli telemetrik seysmik stansiya açılıb. Trend-in Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yalnız 2011-ci ildə 7 yeni telemetrik peyk rabitəsi ilə işləyən 7 seysmik stansiya açılıb.
Bu stansiyalardan 3-ü Naxçıvan Muxtar Respublikasında (Ordubad, Şahbuz, Heydərabad), 4-ü isə Qobustan, Qəbələ, Qusar (Həzrə) və Quba (Xınalıq) rayonlarının ərazisində yerləşir. Hazırda Mərkəzdə peyk rabitəsi ilə işləyən seysmik stansiyaların sayı 31-ə çatıb.
2011-ci ildə Ağdam, Beyləqan, Füzuli və Yardımlı rayonlarında tikiləcək seysmik stansiyalar üçün cihazlar xaricdən alınaraq ölkəmizə gətirilib. Bununla yanaşı, Mərkəz tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiyanın quraşdırılması 2012-ci ilin II rübündə başa çatdırılacaq. Həmin stansiyalar "Ümid", "Şahdəniz" və "Azəri" yataqları yaxınlığında quraşdırılacaq.
Hazırda Mərkəz 14 ölkənin seysmoloji və geofiziki institutları ilə elmi əməkdaşlıq edir.