...

Bakıda fevralın 7-si gecədən çovğun başlayır, 1969-cu ilin şaxtası gözlənilir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 Fevral 2012 11:55 (UTC +04:00)
Fevralın 7-si axşamdan Bakı ərazisində hava şəraiti yenidən kəskin soyuqlaşacaq və çovğun olacaq.
Bakıda fevralın 7-si gecədən çovğun başlayır, 1969-cu ilin şaxtası gözlənilir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir İ.İsabalayeva/

Fevralın 7-si axşamdan Bakı ərazisində hava şəraiti yenidən kəskin soyuqlaşacaq və çovğun olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bazar ertəsi Trend-ə deyib ki, fevral ayının 7-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin saniyədə 10-15, arabir 18, axşama doğru 20 metrədək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə və gündüz saatlarında 0-3 dərəcə şaxta olacaq. Axşama doğru temperaturun mənfi 5-7 dərəcəyə enəcəyi gözlənilir. Yollar yenidən buz bağlayacaq.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-də gün ərzində hava şəraitinin daha da kəskinləşəcəyi gözlənilir. Belə ki, qar yağacaq, güclü şimal-qərb küləyi daha da şiddətlənəcək, küləyin maksimal sürəti arabir saniyədə 25-30 metrə çatacaq. Havanın temperaturu fevralın 7-nə nisbətən daha da aşağı enəcək, şaxtalar güclənəcək.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yaxın günlərdə ən kəskin hava şəraitinin fevralın 8-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.

Tağıyeva deyib ki, fevralın 7-si axşam və 8-də çovğun olacağı gözlənilir.

Bu proses fevralın 9-u səhərədək davam edəcək. Artıq fevralın 9-da yağıntılarda fasilənin olacağı, küləyin mülayimləşəcəyi gözlənilir.

Tağıyevanın sözlərinə görə, hazırda ölkə ərazisində şaxtalı hava şəraiti davam edir. Amma yaxın günlər ərzində ən çox hiss olunan güclü şaxta fevralın 7-si axşam və fevralın 8-nə gözlənilir.

Büro direktoru deyib ki, 110 illik meteoroloji müşahidələrə görə, fevralın 9-u və 10-da Bakıda və Abşeron yarımadasında sonuncu dəfə 1969-cu ildə 10 dərəcə şaxta olub. Yaxın günlər ərzində də temperaturun həmin rekord göstəriciyə yaxınlaşacağı gözləniliir.

Azərbaycanın rayonlarında fevralın 6-dan 7-nə keçən gecədən başlayaraq, fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi, fevralın 8-də isə bəzi yerlərdə qarın güclü yağacağı gözlənilir.

Qeyd edək ki, son 10 gündə Bakıda iki dəfə çovğunla müşahidə olunan hava şəraiti qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti