Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir M.Əliyev/
Dünən Bakıda yolların buzlu olması ilə əlaqədar 17 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb. Bunu çərşənbə günü Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.
O bildirib ki, xəsarət alan şəxslərin 16-sı xəstəxanalara yerləşdirilib.
Baş həkimin sözlərinə görə, ümumilikdə ötən sutka ərzində təcili tibbi yardım stansiyalarına 1329 müraciət daxil olub. Müraciət edənlərin 129-u xəstəxanalara yerləşdirilib. Dünən 53 nəfər müxtəlif dərəcəli travma alıb. Onlardan 44-ü xəstəxanalara yerləşdirilib.
"Dünən baş vermiş 2 yol nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər xəstəxanalara çatdırılıb", - Həmidov qeyd edib.
O həmçinin deyib ki, ötən gün 5 nəfər dəm qazından zəhərlənmə ilə bağlı müraciət edib, onlardan 1-i xəstəxanaya çatdırılıb.
Həmidov qeyd edib ki, təcili tibbi yardım avtomobilləri bu gün çovğunlu hava şəraitinin olmasına baxmayaraq, müraciətlər üzrə xəttə çıxırlar.