...

Xəzər dənizinin donmasının yaradacağı fəsadlar

Cəmiyyət Materials 9 Fevral 2012 12:46 (UTC +04:00)
Xəzər dənizinin donması Qızılağac Dövlət Təbiət Qoruğunda köçəri quşların vaxtından tez köçməsinə, bir qisminin isə tələf olmasına təsir göstərə bilər.
Xəzər dənizinin donmasının yaradacağı fəsadlar

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir İ.İsabalayeva/

Xəzər dənizinin donması Qızılağac Dövlət Təbiət Qoruğunda köçəri quşların vaxtından tez köçməsinə, bir qisminin isə tələf olmasına təsir göstərə bilər. Bunu cümə axşamı Trend-ə Bakı Dövlət Universitetinin Xəzər Elmi Mərkəzinin rəhbəri Çingiz İsmayılov deyib.

Onun sözlərinə görə, Xəzər dənizində suyun donması ornitoloji baxımdan vəziyyəti çətinləşdirir. Donma quşlar üçün qida qıtlığının yaranmasına, onların ənənəvi həyat tərzinin dəyişməsinə təsir edir.

"Ən geniş yayılmış və ən dəyərli flaminqolar suda hüceyrə vəziyyətində yayılmış mikroorqanizmlərlə qidalanırlar. Su donarsa, onların qidalanmasında problemlər yaranar. Belə vəziyyət digər quşlar üçün də problemlər yaradır. Onların bir qismi qırılacaq, bir qismi vaxtından tez köçəcək", - mütəxəssis deyib.

O bildirib ki, qoruqdakı köçəri quşların tələf olmasının və vaxtından tez köçməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi mümkün deyil.

Qeyd edək ki, Qızılağac Dövlət Təbiət Qoruğu Xəzərin sahilinin cənub-qərbində köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılıb. Bu qoruq köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamaq üçün köçüb gəlirlər.

İsmayılov bu fikridədir ki, Xəzər dənizində suyun donması onun suyunun çirklənməsinə, eyni zamanda bioloji aləminin məhv olmasına təsir etməyəcək. Çünki hazırda dənizin yalnız üst qatı buzla örtülüb. Dənizdəki əsas canlı aləm isə onun aşağı qatlarındadır. Donma əsas dənizdə nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir, texnoloji baxımdan vəziyyəti mürəkkəbləşdirir. Suyun buzla örtülməsi dənizdə kiçik gəmilərin hərəkətini çətinləşdirir.

Ekspert hesab edir ki, suyun donması dənizin dibindəki boru kəmərləri ilə bağlı elə ciddi problem yarada bilməz. Dənizdə suyun soyuması boru kəmərlərində təzyiqin dəyişməsinə, texniki parametrlərə təsir edə bilər. Amma bu təsir dağıdıcı ola bilməz.

Xəbər lenti

Xəbər lenti