Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Mehdiyev/
Bu gün "ABŞ Təhsilli Azərbaycan Məzunlarının" İctimai Birliyinin illik görüşü keçirilib.
Trend-in məlumatına görə, tədbirdə ABŞ tərəfindən müxtəlif təhsil proqramları çərçivəsində Amerikada təhsil almış 200-dən çox məzun iştirak edib. Birliyin fəaliyyəti və gələcək planları haqqında iştirakçılara məlumat verilib.
Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib ki, Amerika təhsil proqramlarında iştirak edən azərbaycanlı məzunlar iki ölkə arasındakı dostluğun güclənməsinə dəstək verirlər. O, həmçinin təhsil mübadilə proqramlarının ikitərəfli əlaqələrin inkişafı üçün vacibliyini qeyd edib.
Birliyin nümayəndələri təhsil sahəsində ABŞ mübadilə proqramlarını dəstəkləyən dövlət rəsmiləri və QHT-lərə minnətdarlıq bildiriblər. Sonra dövlət qulluğu, biznes təhsili və digər sahələrdə böyük uğurlar qazanmış məzunlara mükafatlar verilib.
Tədbir bədii hissə ilə davam etdirilib.