Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İsabalayeva/
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt"inə özəl ali təhsil müəssisələri ilə əlaqədar müraciətlər Təfəkkür və Bakı Asiya universitetləri ilə bağlı olub. Trend-in cümə axşamı Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin müraciətlərdə qaldırılan məsələlər adıçəkilən təhsil müəssisələrində şikayətçi şəxslərin iştirakı ilə araşdırılıb.
Yanvar ayında ali təhsil müəssisələrindən daxil olan müraciətlər semestr imtahanlarının yazılı və test üsulu ilə keçirilməsi, imtahanlarda Bolonya sisteminin tətbiqi, pedaqoji və istehsalat təcrübəsinin təşkili, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi, özəl ali təhsil müəssisələrində tələbələrə təqaüdlərin verilməsi qaydaları və digər mövzuları əhatə edib.
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, qiymətlərinin apelyasiya qaydasında yüksəldilməsinə kömək göstərilməsini xahiş ediblər.
Bununla əlaqədar Təhsil Nazirliyinin əməkdaşları qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə müraciətin daxil olduğu ali təhsil müəssisələrində müvafiq araşdırmalar aparıb və həmin tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirilməsi təmin olunub.
Orta ixtisas təhsili müəssisələri ilə bağlı Azərbaycan Maliyyə-İqtisad, Bakı Dövlət Sosial-İqtisad, Bakı Texniki, Ağcabədi Pedaqoji və 2 №-li Bakı Baza Tibb kolleclərindən müraciətlər daxil olub. Həmin müraciətlərdə imtahanlarda verilmiş qiymətlərdən narazılıq və digər məsələlər əks olunub. Müvafiq qaydada araşdırmalar aparıldıqdan sonra bu barədə müraciət müəlliflərinə məlumat verilib.
Müraciətlər üzrə aparılmış araşdırmalarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün bütün struktur bölmələrə məlumatlar verilib, gələcəkdə belə nöqsanların qarşısının alınması tövsiyə olunub.