...

Azərbaycan Ombudsmanı daha çox şikayət edilən dövlət qurumlarının adlarını açıqlayıb

Cəmiyyət Materials 1 Mart 2012 11:55 (UTC +04:00)
Azərbaycanın insan haqları üzrə müvəkkili daha çox şikayət daxil dövlət qurumlarının adlarını və şikayətlərin artmasının səbəbini açıqlayıb.
Azərbaycan Ombudsmanı daha çox şikayət edilən dövlət qurumlarının adlarını açıqlayıb

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanın insan haqları üzrə müvəkkili daha çox şikayət daxil dövlət qurumlarının adlarını və şikayətlərin artmasının səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2011-cu il üzrə illik məruzədə bildirilir ki, ötən il yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanları, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindən olan şikayətlərin sayı artıb.

Hesabatda qeyd olunub ki, şikayətlərin artmasına əhalinin müraciətlərinə diqqət yetirilməməsi, laqeydlik göstərilməsi, onların problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülməməsi, müvafiq izahat və hüquqi maarifləndirmə işinin aparılmaması, habelə kobud rəftara yol verilməsi səbəb olub.

Ümumilikdə, 2011-ci ildə ombusmanın ünvanına 12 680 müraciət daxil olub ki, onlardan 1179-u məhkəmə orqanları, 632-si prokurorluq orqanları, 1971-i polis orqanları, 634-ü məhkəmə qərarlarının icra edilməməsi, 196-sı bələdiyyələrlə bağlı olub. Şəhər, rayon yerli icra hakimiyyətləri ilə bağlı 904 şikayət daxil olub ki, bunlardan ən çoxu İmişli rayonundan daxil olub - 73 şikayət.

Təhlillər göstərir ki, ayrı-ayrı məmurlar qorxutmaq, cəzalandırmaq və ya araşdırma zamanı problemi həll etmək vədi verməklə ərizəçinin şikayətinin olmaması ilə bağlı izahat almağa və ya "əsəbi" olması bəhanəsi ilə şikayətdən imtina etməsinə nail olublar.

Müvəkkil öz hesabatında insan hüquqlarının təmin edilməsi məqsədi ilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən yerli bölmələrə və onların rəhbərlərinin işinə nəzarəti gücləndirməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti