...

Azərbaycanda jurnalistlərin pensiya təminatı ilə bağlı xüsusi güzəştlər tətbiq olunmalıdır?

Cəmiyyət Materials 6 Mart 2012 16:42 (UTC +04:00)
Mətbuat Şurası hesab edir ki, bəzi ölkələrdə olduğu kimi indiki halda Azərbaycanda da jurnalistlərin 20 ildən sonra təqaüdə çıxması mümkün deyil
Azərbaycanda jurnalistlərin pensiya təminatı ilə bağlı xüsusi güzəştlər tətbiq olunmalıdır?

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Mehdiyev/

Mətbuat Şurası hesab edir ki, bəzi ölkələrdə olduğu kimi indiki halda Azərbaycanda da jurnalistlərin 20 il iş stajından sonra təqaüdə çıxması mümkün deyil.

"Jurnalistlər ən ağır peşə sahiblərindən biridir, ancaq Azərbaycanda elə bir təcrübə yoxdur ki, sənət sahələri üzrə qanunvericilikdə müxtəlif cür fərqlər olsun", - çərşənbə axşamı Trend-ə açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda jurnalistlər də vətəndaşlar kimi eyni hüquqa malikdirlər.

"Azərbaycan Avropa Şurasına qoşulduqdan sonra ölkənin qanunvericilik siyasəti ondan ibarət olub ki, ölkənin bütün qanunları Avropa Şurasının standartlarına, beynəlxalq standartlara uyğunlaşdırılsın. Yəni Milli Məclis hər hansı bir qanun qəbul etməzdən öncə onu göndərir Avropa Şurasına və orada ekspertizadan keçirirlər. Yəni Azərbaycan Avropa Şurasına üzv olanda öhdəlik götürüb ki, Azərbaycanın qəbul etdiyi bütün qanunvericilik aktları Avropa Şurasının standartlarına uyğunlaşdırılacaq", - Sadıqov bildirib.

O qeyd edib ki, Azərbaycanda da elə bir təcrübə yoxdur ki, başqa sahədə çalışan insanlar 25 ildən sonra təqaüdə çıxır, ancaq jurnalistlər üçün bu güzəşt 20 il olsun.

"Ümumilikdə Avropa Şurasının da tövsiyələrindən, tələblərindən biri odur ki, imtiyazlar ləğv olunsun. Bütün bunlara görə, indiki halda biz arzulasaq da, arzulamasaq da, jurnalistlərin 20 ildən sonra təqaüdə çıxması mümkün olan məsələ deyil", - Sadıqov vurğulayıb.

O bildirib ki, jurnalistika elə bir sahədir ki, orada jurnalist yaşa dolduqca, təcrübəsi artdıqca qələmi püxtələşir və daha yaxşı yazır, daha gərəkli olur, onun imzası daha çox tanınır, daha çox oxucu cəlb edir.

"Ona görə də mən belə hesab edirəm ki, jurnalistlərə cansağlığı arzulayaq, onlara iti qələm arzulayaq və onlar uzun müddət istədikləri mətbuat orqanlarında çalışsınlar, təqaüd haqqında isə tez düşünməsinlər", - Sadıqov deyib.

Xəbər lenti

Xəbər lenti