...

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihə həyata keçiriləcək

Cəmiyyət Materials 6 Mart 2012 18:00 (UTC +04:00)
Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihə həyata keçiriləcək.
Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihə həyata keçiriləcək

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihə həyata keçiriləcək.

Avropa İttifaqı, YUNİSEF və Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) gənclərin ətraf mühitlə bağlı aspektlər üzrə məlumatlılığını artırmaq və onların təbii sərvətlərin müdafiə və idarə olunmasında iştirakını gücləndirmək üçün öz səylərini birləşdiriblər.

YUNİSEF-in Azərbaycan nümayəndəliyindən çərşənbə axşamı Trend-ə verilən məlumatına görə, müştərək layihə ətraf mühitlə bağlı fəaliyyətləri planlaşdırmaq və həyata keçirmək məqsədilə Gənclər evlərini gənclər üçün qovşaq qismində istifadə edəcək.

Layihə Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycanın Lənkəran, Sabirabad, Yevlax, Goranboy və Göygöl rayonlarının yerli icra hakimiyyəti orqanları ilə tərəfdaşlıqda həyata keçiriləcək.

Layihə gənclərin ətraf mühitlə bağlı məsələlər üzrə öz həmyaşıdları ilə dialoq qurmasına imkan vermək üçün onları səlahiyyətləndirir və birləşdirir. Seçilmiş rayonlarda gənclər öz icmalarında ətraf mühitlə bağlı vəziyyətin qiymətləndirilməsini, sonra isə öz həmyaşıdlarını cəlb etməklə ətraf mühitə dair layihələrin layihələndirilməsini və tətbiqini həyata keçirmək üçün təlimləndiriləcək.

Fəaliyyətlərin həyata keçirilməsi və rayonlarda ətraf mühitin təhlükəsizliyi ilə bağlı tədbirləri planlaşdırmaq və layihə başa çatdıqdan sonra fəaliyyətləri davam etdirmək məqsədilə gənclər və yerli səviyyəli qərar qəbul edənlər arasında mütəmadi müzakirələrin keçirilməsi üçün Gənclər evləri baza qismində istifadə olunacaq.

YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard qeyd edib ki, gənclərin böyük əhəmiyyət kəsb edən perspektivləri və rəyləri var ki, bir çox hallarda onlar diqqətdən kənarda qalır.

"Gənclərə təsiredici qərarların qəbul edilməsində və müvafiq məsələlərin təhlil edilməsində iştirak etmək imkanının verilməsi gəncləri səlahiyyətləndirir və onların inkişafında əhəmiyyətli rol oynayır. Gənclərin fəal vətəndaşlar və ətraf mühit üzrə bələdçilər qismində səlahiyyətləndirilməsi icmalar və onların təbii mühitləri arasında dayanıqlı tarazlığın təmin olunmasına yardım edəcək", - Herevard deyib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin səlahiyyətli nümayəndəsi Cerome Pons bildirib ki, Avropa İttifaqı Aİ daxilində və xaricində ətraf mühitin qorunmasına fəal şəkildə cəlb olunub, çünki ətraf mühitlə bağlı məsələlər hüdudları tanımır.

"Bu səbəbdən də, biz gənclərin ətraf mühitlə bağlı problemlərin həllinə cəlb edilməsinə hədəflənmiş bu səciyyəvi layihənin təqdimatını keçirməkdən məmnunluq hissi duyuruq. Öz qonşuluqlarını, şəhərlərini və ölkələrini qorumaq təşəbbüsünü irəli sürməklə Azərbaycan gəncləri bütün dünya naminə ətraf mühitin qorunmasına öz töhfələrini verəcəklər", - Pons qeyd edib.

Xəbər lenti

Xəbər lenti