...

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 Mart 2012 11:55 (UTC +04:00)
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı bazar ertəsi öz işinə başlayıb.
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir M.Əliyev/

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı bazar ertəsi öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirin açılışında Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov bildirib ki, bu gün xarici ölkələrdə 50-dən çox gənclər təşkilatları mövcuddur. O qeyd edib ki, Azərbaycan gəncliyi müasir informasiya kommunikasiyalarından geniş istifadə edərək Dağlıq Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışır.

"Azərbaycan gəncliyi hansı ölkədə yaşamasından asılı olmayaraq öz ölkəsinin tarixi, mədəniyyəti haqqında kifayət qədər məlumatlıdırlar", - Muradov deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində qazanılan nailiyyətlərlə yanaşı, gənclər təşkilatlarının qarşısında kifayət qədər taleyüklü məsələlər dayanır.

"Xarici ölkələrdə yaşayan gənclər həmin ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməlidir", - o qeyd edib.

Qurultayın açılışında Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Həmçinin açılış mərasimində Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin təbrik məktubu oxunub.

Qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə iştirak edir.

Xəbər lenti

Xəbər lenti