...

Azərbaycanda gənclərin səmərəli məşğulluğunun təminatı diqqət mərkəzindədir

Cəmiyyət Materials 15 Mart 2012 16:07 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Gənclər üçün aktiv əmək bazarı tədbirləri" mövzusunda milli konfrans keçirilib.
Azərbaycanda gənclərin səmərəli məşğulluğunun təminatı diqqət mərkəzindədir

Azərbaycan, Bakı, 15 mart /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Gənclər üçün aktiv əmək bazarı tədbirləri" mövzusunda milli konfrans keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun sədrliyi ilə keçən konfransda hökumət və qeyri-hökumət təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının (BƏT), İsveç Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan nazir müavini Natiq Məmmədov əhalinin, xüsusən gənclərin səmərəli məşğulluğunun təminatı, əmək bazarının tələblərinə cavab verən rəqabətə davamlı gənc kadrların hazırlanması və s. sahələrdə məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirib. Qeyd olunub ki, "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" müvəffəqiyyətlə icra olunub, dövlət gənclər siyasətinin prioritet istiqamətlərində müsbət dəyişikliklər baş verib, əhəmiyyətli uğurlar əldə olunub.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2011-ci ildə 11 947 nəfər gənc münasib işlə təmin olunub, işəgötürənlərin real tələbləri əsasında həmin dövr ərzində 2984 nəfər gənc müasir, eləcə də milli peşələr üzrə hazırlıq kurslarına, 500 nəfər gənc haqqı ödənilən ictimai işlərə cəlb edilib, 958 nəfər gəncə isə işsizliyə görə müavinət təyin edilərək ödənilib.

Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən "Əmək Birjaları"na ötən il müraciət edənlərdən 1840 nəfər gənc müvəqqəti xarakterli işlərə göndərilib. Təkcə 2011-ci ildə respublikanın şəhər və rayonlarında keçirilmiş "Əmək Yarmarkaları"nda 2297 nəfər gənc işlə təmin edilib. Eyni zamanda, bu müddətdə 108 922 nəfərə, əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri verilib.

2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə Göyçay rayonunda, 2009-cu ildə isə Naxçıvan şəhərində istifadəyə verilmiş Regional Peşə Tədrisi mərkəzləri müasir tələblərə uyğun peşələr üzrə peşə hazırlığı kurslarının təşkilində mühüm rol oynayır. Fəaliyyətə başladıqları gündən 5208 nəfər Bakı şəhər, 2197 nəfər Göyçay rayon, 887 nəfər Naxçıvan şəhər Regional Peşə Tədrisi mərkəzlərində peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar Dövlət Bulvar İdarəsinin yeni işə qəbul etdiyi insanlardan 60 nəfəri ingilis dili üzrə hazırlıq kurslarına cəlb edilib.

Azərbaycan hökuməti və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı" layihəsi çərçivəsində daha 30 peşə üzrə modul proqramların hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulub.

İki sessiyadan ibarət olan konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayevin, BƏT-in Moskva ofisinin direktor müavini Şurenkimeq Zokoiltin, İsveç Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Aqneta Rostromun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyevin və başqalarının çıxışları dinlənilib.

Tədbirdə gənclərin məşğulluğu sahəsində müasir yanaşmanın formalaşdırılması və onların sosial-iqtisadi inkişafda iştirakı, gənclərin peşə hazırlığı, yenidən hazırlıq və rəqabətə davamlılığının artırılması, qabaqcıl təcrübələrdən istifadə imkanlarının öyrənilməsi, tətbiqi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti