...

Dövlət Gömrük Komitəsi: Pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhdlər artıb

Cəmiyyət Materials 19 Mart 2012 16:57 (UTC +04:00)
Pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhdlər ötən illərlə müqayisədə bu il bir qədər artıb.
Dövlət Gömrük Komitəsi: Pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhdlər artıb

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir K.Zərbalıyeva/

Pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhdlər ötən illərlə müqayisədə bu il bir qədər artıb. Bu isə onu göstərir ki, həyata keçirilən məhdudlaşdırıcı və maarifləndirici tədbirlərə baxmayaraq, bu cür vasitələrə tələbat tam olaraq ortadan qalxmayıb. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Gömrük orqanları tərəfindən vaxtaşırı edilən xəbərdarlıqlara, aparılan izahat işlərinə baxmayaraq, qaçaqmalçılıq yolu ilə pirotexniki məmulatların Naxçıvan Muxtar Respublikası ərazisinə gətirilməsi cəhdləri ilə bağlı çox sayda fakt aşkarlanıb. Əhalidə, xüsusən də uşaqlarda köhnədən qalma "bayram adət-ənənəsi"nə bağlılıqdan istifadə etməklə qazanc əldə etmək istəyən işbazlar yol verdikləri əməlin məsuliyyətinə, insanların sağlamlığına, rahatlığına, ərtaf mühitə dəyə biləcək zərər və ziyana məhəl qoymadan müxtəlif üsül və vasitələrə əl atmaqla gömrük nəzarətindən yayınmağa cəhd göstəriblər. Bunun üçün nəqliyyat vasitələrində düzəldilmiş müxtəlif gizli saxlanc yerlərindən istifadə olunub. Pirotexniki vasitələr, həmçinin, digər malların arasında, vətəndaşların öz üzərlərində və əl yükləri arasında gizlədilərək gətirilib.

Gömrükçülər tərəfindən tezalışan maddələrin və pirotexniki məmulatların qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 41 adda 75 min 500 ədəd müxtəlif markalı torpil və fişənglər, uşaq tapançaları və onların pistonları, eləcə də digər tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Məlumatda bildirilir ki, saxlanılan şəxslərlə bağlı araşdırmalar yekunlaşdırılıb və barələrində inzibati xəta işi açılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əməkdaşları kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Novruz bayramı ərəfəsində aşkarlanaraq saxlanılan həmin pirotexniki məmulatları yaşayış məntəqələrindən kənar ərazidə yandıraraq məhv ediblər.

Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.

Xəbər lenti

Xəbər lenti