...

Şamaxının Muğanlı kəndində sürüşmə ilə əlaqədar məktəb, klub və xəstəxana köçürülür

Cəmiyyət Materials 27 Mart 2012 12:08 (UTC +04:00)
Şamaxının Muğanlı kəndində sürüşmə ilə əlaqədar 46 yaşayış evi ilə yanaşı, orta məktəb, klub və ambulator müəssisənin binasının köçürülməsinə qərar verilib.
Şamaxının Muğanlı kəndində sürüşmə ilə əlaqədar məktəb, klub və xəstəxana köçürülür

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir K.Zərbalıyeva/

Şamaxının Muğanlı kəndində sürüşmə ilə əlaqədar 46 yaşayış evi ilə yanaşı, orta məktəb, klub və ambulator müəssisənin binasının köçürülməsinə qərar verilib.

Şamaxı rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımov Trend-ə bildirib ki, son bir həftə ərzində kəndin sürüşmə ərazisində aktivlik müşahidə olunur.

Onun sözlərinə görə, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri kənddə olublar və evlərə texniki baxış keçiriblər. Nazirlik mütəxəssisləri icra hakimiyyətinə orta məktəb, klub və ambulator müəssisənin binalarının təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı xəbərdarlıq ediblər.

Komissiya sədri deyib ki, məktəb üçün 5 otaqdan ibarət yardımçı bina ayrılıb, digər müəssisələrin də köçürülməsi üçün tədbirlər görülür.

İcra başçısının müavini bildirib ki, Muğanlı ərazisində əvvəldən 14 ev qəzalı vəziyyətdə olub. Son aktivləşmə nəticəsində isə 32 ev üçün təhlükəli vəziyyət yaranıb. Onlardan 8-i tamamilə qəzalı vəziyyətdədir.

Artıq sürüşmə ərazisində olan 46 evə dünəndən etibarən elektrik enerjisi və qazın verilişi dayandırılıb. Həmin evlərin sakinləri kənd ərazisində yaşayan yaxın qohumlarının evinə köçürülüb.

Qasımov bildirib ki, qəzalı vəziyyətdə olan evlərin sahibləri üçün kənd ərazisindəki bələdiyyə torpaqlarından yer ayrılıb.

Onun sözlərinə görə, dünəndən etibarən sürüşmə ilə əlaqədar Bakı-Şamaxı yolunun 133 və 157-ci kilometrliyində Ağsu və Şamaxı istiqamətinə yol bağlanıb. Yoldan yalnız həmin ərazidəki kənd sakinlərinin istifadəsinə icazə verilir.

Muğanlı kəndindəki sürüşmə ilə əlaqədar 16 obyekt sahibinə obyektlərinin fəaliyyətini müvəqqəti dayandırmaq üçün rəsmi bildiriş verilib.

Qasımov qeyd edib ki, həmin obyektlər əsasən meşə təsərrüfatı ilə müqavilə əsasında fəaliyyət göstərən səyyar obyektlərdir.

Onun sözlərinə görə, araşdırmaların yekununda sürüşmənin daimi və ya müvəqqəti olub-olmadığı müəyyən ediləcək. Bundan sonra həmin obyektlərin fəaliyyətinin daimi və ya müvəqqəti dayandırılması barədə qərar veriləcək.

Qeyd edək ki, ötən əsrin 80-ci illərindən Muğanlı kəndində sürüşmə prosesi başlayıb.

Xatırladaq ki, son bir ayda Bakıda və bir sıra rayonlarda - Şamaxı, Ağsu və cənub rayonlarında sürüşmə sahələrində aktivlik müşahidə olunur. Bu gündən İsmayıllı da daxil olmaqla, bir neçə rayonda sürüşmə sahələrinin geniş şəkildə tədqiq edilməsi üçün monitorinqlərə başlanılıb.

Xəbər lenti

Xəbər lenti