...

Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi

Cəmiyyət Materials 2 Aprel 2012 12:31 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.
Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 2 aprel / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, aprelin 2-si axşamdan 3-ü axşamadək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, qısa müddət ərzində atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda temperaturun əvvəlki günə nisbətən aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq. Aprelin 4-5-də hava şəraitinin nisbətən sabitləşməsi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü isə meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Aprelin 2-dən 3-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun gecə 5-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.

Aprelin 3-də Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 4-9 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti