...

ASAIF-in Budapeşt forumu panel müzakirələri ilə işini yekunlaşdırır (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2012 15:14 (UTC +04:00)
"Mən gənc səfirəm" ASAIF Budapeşt forumu panel müzakirələri ilə işini yekunlaşdırır.
ASAIF-in Budapeşt forumu panel müzakirələri ilə işini yekunlaşdırır (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

"Mən gənc səfirəm" ASAIF Budapeşt forumu panel müzakirələri ilə işini yekunlaşdırır.

Gənclər və İdman Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, forumun sonu günü "Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspor və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu", "Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları", "Sosial şəbəkələr və KİV-in gənclərin ictiami-siyasi fəallıqlarının artırılmasındakı rolu" üzrə mövzuların müzakirəsi ilə başa çatıb.

"Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspor və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər" mövzusunda keçirilən panelin qonaqları TEAS-Avropa-Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Taleh Heydərov və AAA-Azərbaycan Amerika Alyansının sədri Anar Məmmədov olub.

"Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa göndərilmiş 100 tələbə haqqında kitab dərc etməyi planlaşdırırıq. Ayrı-ayrı Avropa ölkələrində bu barədə araşdırma aparılır. Məhz bu mövzuda sənədli film hazırlanacaq və sənədlər toplusu nəşr olunacaq. Fəaliyyətimizin əsas məqsədi Azərbaycanın Avropaya tanınması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Avropa-Azərbaycan Cəmiyyəti fəaliyyətinin bütün istiqamətləri üzrə, o cümlədən diaspor və lobbiçilik fəaliyyətinə dair nüfuzlu mütəxəssislər tərəfindən hazırlanmış xüsusi konsepsiyalara malikdir. Bizim fəaliyyətimizə qarşı geniş şəkildə Azərbaycan əleyhinə qüvvələr fəaliyyət göstərir. Onlar Azərbaycanın artan nüfuzundan qorxaraq ölkəmizi dəstəkləyən lobbi qrupuna qarşı sözün əsl mənasında media müharibəsi aparırlar. Belə bir təbliğata hazır olmaq və lobbi qrupumuzun müdafiəsi də bizim əsas vəzifələrimizdən biridir", - Heydərov bildirib.

"Mən daha çox gənclərin karyera imkanlarından danışmaq istərdim. Təşkilatımız ötən il Vaşinqton şəhərində yaradılıb. Lakin bu qısa müddət ərzində biz Xocalı soyqırımı ilə bağlı okeanın o tayında gerçəkləşdirdiyimiz təbliğat nəticəsində çox böyük işlər görə bildiyimizi sübut etdik. Sevindirici hal bizim 150 milyondan artıq insana Xocalı həqiqətlərini çatdıra bilməyimiz oldu. Bizim təşkilatın qapıları Azərbaycanı sevən, yaradıcı, bilikli gənclərə daim açıqdır", - Məmmədov deyib.

"Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları" mövzusunda keçirilən müzakirənin qonaqları təhsil naziri Misir Mərdanov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov olub.

Gənclərin aktiv şəkildə iştirakı ilə keçirilən müzakirələr digər mövzuları əhatə edən panellarla davam edib.

Xəbər lenti

Xəbər lenti