...

DSMF bu ilin ilk rübündə qeyri-büdcə sektoru üzrə proqnozu 100 faizdən çox icra edib

Cəmiyyət Materials 11 Aprel 2012 11:37 (UTC +04:00)
İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 689,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 169,0 mln. manat və ya 32,5 faiz çoxdur.
DSMF bu ilin ilk rübündə qeyri-büdcə sektoru üzrə proqnozu 100 faizdən çox icra edib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 689,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 169,0 mln. manat və ya 32,5 faiz çoxdur.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan çərşənbə günü Trend-ə bildiriblər ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 10,5 faiz və ya 28,4 mln. manat artaraq 297,8 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,1 faizi və ya 176,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,2 faiz və ya 19,2 mln. manat artıb, proqnoz isə 104,9 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 12,7 faiz artıb.

2012-ci ilin yanvar-mart aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 121,7 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz və ya 9,2 mln. manat artıb, proqnoz 93,2 faiz icra olunub.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2012-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 606,4 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 599,0 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 141,9 mln. manat və ya 31,0 faiz çoxdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 6,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 1,4 mln. manat və ya 15,8 faiz azdır.

Xəbər lenti

Xəbər lenti