...

İsmayıllının 20-yə yaxın kəndində sürüşmə təhlükəsi artıb

Cəmiyyət Materials 12 Aprel 2012 14:59 (UTC +04:00)
İsmayıllı rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov Trend-ə bildirib ki, rayonun İkinci Yeniyol kəndində və bir sıra kəndlərində sürüşmə təhlükəsi yaranıb.
İsmayıllının 20-yə yaxın kəndində sürüşmə təhlükəsi artıb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

İsmayıllı rayonunun sürüşmə sahələrində aktivlik müşahidə olunur.

İsmayıllı rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov Trend-ə bildirib ki, rayonun İkinci Yeniyol kəndində və bir sıra kəndlərində sürüşmə təhlükəsi yaranıb.

Rayonun Diyallı, Güyüm, Tircan, Lahıc, Xankəndi, Sulut, Quşencə, Xanagah, Yeniyol, İkinci Yeniyol, Qaraqaya, Vaşa, Tircan, Bizlan, Müdrisə, Dvoryan kəndlərində sürüşmə sahələrində aktivlik yaranıb.

Əhmədov bildirib ki, İkinci Yeniyol kəndində 10 ev üçün təhlükəli vəziyyət yaranıb. Həmin evlər sürüşmə kütləsinin üzərində yerləşdiyindən evlərin boşaldılması barədə qərar verilib. Artıq evlərdən bir neçəsi boşaldılıb.

Komissiya sədri bildirib ki, hazırda rayonda Ekalogiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri sürüşmə sahələrində araşdırmaları davam etdirir.

Əhmədov deyib ki, bir müddət öncə həmin nazirliklərin mütəxəssisləri tərəfindən rayonun sürüşmə sahələrinə monitorinq aparılıb və monitorinq zamanı rayonda 145 evin təhlükəli vəziyyətdə olduğu, onların təcili köçürülməsi barədə rəy verilib.

İcra başçısının müavini qeyd edib ki, son aktivləşmədən sonra bəzi kəndlərdə bir neçə ev də qəzalı vəziyyətə düşüb.

Əhmədovun sözlərinə görə, qəzalı vəziyyətdə olan evlərin sakinləri üçün torpaq sahələrinin ayrılması ilə bağlı sənədləşmə işləri başa çatıb. Nazirlər Kabineti həmin torpaq sahələrində yeni evlərin tikintisi üçün maliyyə ayırdıqdan sonra evlərin tikintisinə başlanacaq.

Xatırladaq ki, son bir ayda Bakıda və bir sıra rayonlarda - Şamaxı, Ağsu və cənub rayonlarında sürüşmə sahələrində aktivlik müşahidə olunur. İsmayıllı da daxil olmaqla, bir neçə rayonda sürüşmə sahələrinin geniş şəkildə tədqiq edilməsi üçün monitorinqlər aparılıb.

Xəbər lenti

Xəbər lenti