...

İranın Azərbaycana "ağ ölüm" ixracı

Cəmiyyət Materials 16 Aprel 2012 10:17 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci rübündə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan 13 əcnəbi vətəndaş saxlanılıb.
İranın Azərbaycana "ağ ölüm" ixracı

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin birinci rübündə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan 13 əcnəbi vətəndaş saxlanılıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda narkotiklərin qaçaqmalçılığına görə saxlanılan 13 əcnəbi vətəndaşdan 40 kiloqrama yaxın narkotik vasitələr götürülüb.

Saxlanılan əcnəbilərdən 8-i İran, 2-si Gürcüstan, 2-si Əfqanıstan,1-i Rusiya vətəndaşlarıdır.

Ötən ilin müvafiq dövründə isə narkotik qaçaqmalçılığına görə 17 əcnəbi vətəndaş saxlanılıb, onlardan 82 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 984 cinayət faktı qeydə alınıb. Onlardan 302-si narkotiklərin satışı, 654-ü saxlanılması, 23-ü əkini, 4-ü isə digərləri ilə bağlı olub.

Cari ilin birinci rübündə həmin cinayət faktları üzrə 166 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Onlardan 63 kiloqrama yaxını marixuana, 45 kiloqrama yaxını həşiş, 20 kiloqramdan artıq tiryək, 34 kiloqrama yaxını heroin, 6 kiloqramdan artıq psixotrop maddələr, 50 kiloqrama yaxını prekursorlar olub.

Bu müddətdə 3 kiloqrama yaxın yaşıl kütlə şəklində narkotik xassəli bitki məhv edilib.

Xəbər lenti

Xəbər lenti