...

Bakıda uşaq zorakılığına qarşı mübarizə mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 16 Aprel 2012 15:15 (UTC +04:00)
Avropa Şurasının “Uşaqlara qarşı zorakılıq proqramı” çərçivəsində bazar ertəsi Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində “Biz zorakılığa yox deyirik!” mövzusunda tədbir keçirilib.
Bakıda uşaq zorakılığına qarşı mübarizə mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir M.Əliyev/

Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq proqramı" çərçivəsində bazar ertəsi Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində "Biz zorakılığa yox deyirik!" mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, ildə təxminən 500 milyon - 1,5 milyard uşaq müxtəlif zorakılığa məruz qalır, 150 milyon 5-14 yaşlı uşaqlar məcburi uşaq əməyinə cəlb olunur, 100 milyondan artıq ibtidai təhsil yaşlı uşaq təhsildən kənarda qalır.

İcra başçısının sözlərinə görə, Azərbaycan əhalisinin 29 faizi uşaqlar təşkil edir və ölkə rəhbərliyinin səyləri nəticəsində onlara diqqət və qayğı günbəgün artır.

İcra başçısı ölkədə "Uşaq hüquqları haqqında" Qanunun qəbul edildiyini, 2009-cu ilin "Uşaq ili" elan olunduğunu, 2009-cu ildə Azərbaycan uşaqlarının 1-ci Forumunun keçirildiyini qeyd edib.

Əsgərov vurğulayıb ki, son illər Səbail rayonunda kimsəsiz uşaqların uşaq evlərinə verilməsi faktları demək olar ki sıfıra enib.

"Kimsəsiz uşaqlar artıq uşaq evlərinə deyil, ailələrə, qəyyumlara verilir. Eyni zamanda, bu proses ciddi nəzarətdə saxlanılır" - İcra başçısı vurğuıayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq proqramı"nın Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva tədbirdə çıxış edərək bildirib ki, uşaq hüquqları, uşaqlara qarşı zorakılıq məsələsi həmişə Azərbaycanda diqqət mərkəzində saxlanılır.

Deputat bildirib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması, uşaqlara qarşı zorakılıq hallarının azaldılması istiqamətində böyük işlər görülür.
"Məhz bunun nəticəsidir ki, Avropa Şurasının dəstəyi ilə Azərbaycanda belə bir proqram reallaşdırılır", - o deyib.

O bu məsələ ilə bağlı AŞ tərəfindən Azərbaycana maliyyə vəsaiti ayrıldığını qeyd edib.
Sonra tədbirdə məktəblilər onları narahat edən məsələlər barədə məruzələrlə çıxış ediblər, həmçinin digər millət vəkilləri çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti