...

Ötən ay Təhsil Nazirliyinə edilən şikayətlərin çoxu orta məktəblərlə bağlı olub

Cəmiyyət Materials 16 Aprel 2012 16:41 (UTC +04:00)
Bu ilin mart ayı ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1629 müraciət daxil olub.
Ötən ay Təhsil Nazirliyinə edilən şikayətlərin çoxu orta məktəblərlə bağlı olub

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir İ.İsabalayeva/

Bu ilin mart ayı ərzində Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1629 müraciət daxil olub. Trend-in bazar ertəsi Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlərin böyük əksəriyyəti ümumi təhsil məktəblərinə, digər bir qismi ali və orta ixtisas təhsili müəssisələrinə aiddir.

"Qaynar xətt" xidmətinə 49 şikayət xarakterli müraciət olunub. Bu müraciətlərin təhlili göstərir ki, onların böyük əksəriyyəti ümumi təhsil müəssisələri ilə əlaqədardır. Ötən ay Bakı şəhər ümumi təhsil məktəblərindən 18, Sumqayıtdan 4, Abşeron rayonundan 4, Şəkidən 2, Qusar, Bərdə, Şəmkir, Oğuz, İmişli, Goranboy, Saatlı, Cəbrayıl, Xaçmaz, Cəlilabad, Lerik rayonlarının ümumi təhsil məktəblərinin hər birindən 1 şikayət xarakterli müraciət daxil olub.

Ümumi təhsil müəssisələri ilə bağlı şikayətlərin əksəriyyətini müəllimlərin, valideynlərin müraciətləri təşkil edir. Həmin müraciətlərdə tədris prosesinin təşkili, müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi, müəllim-şagird münasibətləri sahəsində yol verilən nöqsanlar öz əksini tapıb, valideynlərə qarşı qanunsuz tələblər və bir sıra hallarda dərslərin keçirilməməsi ilə bağlı narahatlıq ifadə olunub.

"Qaynar xətt" xidmətinə texniki peşə təhsili müəssisələrindən daxil olan 2 şikayət əmək haqqı və təqaüdlərin gecikdirilməsi ilə bağlıdır.

Ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 8 şikayətdə imtahanların nəticələrindən narazılıq, tələbələrin təqaüdlərinin gecikdirilməsi və digər məsələlər əksini tapıb. Onlardan 2-si dövlət, 4-ü özəl ali təhsil, 2-si orta ixtisas təhsili müəssisələrindən qəbul edilib.

Sorğu xarakterli müraciətlər təhsil sisteminin demək olar ki, bütün sahələrini əhatə edib. Belə ki, hazırda təhsil sistemində həyata keçirilən proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili müəssisələrində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib. Digər sorğular təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının, fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədardır.

Təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu ilə əlaqədar müraciətlərin sayı da artıb. Həmçinin, "Qaynar xətt" xidmətinə müəllimlərin dərs yükü normaları və dərslərin bölünməsi, məktəbli formasının tətbiqi, eləcə də digər məsələlər barədə müxtəlif məzmunlu sorğular daxil olub.

Xəbər lenti

Xəbər lenti