...

Azərbaycanda korrupsiyada ittiham olunan məktəb direktorunun işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 16 Aprel 2012 17:25 (UTC +04:00)
Mənimsəmədə ittiham olunan məktəb direktoru barəsindəki cinayət işi məhkəməyə göndərilib
Azərbaycanda korrupsiyada ittiham olunan məktəb direktorunun işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir K.Zərbalıyeva/

Mənimsəmədə ittiham olunan məktəb direktoru barəsindəki cinayət işi məhkəməyə göndərilib.

Baş prokuroluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Füzuli rayonunun 11 saylı Qayıdış qəsəbəsində fəaliyyət göstərən 8 saylı tam orta məktəbin müəllimi Əmirağa Əliyevin həmin məktəbin direktoru Əmir Həsənovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılması üçün Füzuli rayon prokurorluğuna göndərilib.

Aparılmış araşdırmalarla həmin məktəbdə 2009-2010 və 2010-2011-ci tədris illərində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsi halları aşkar edildiyindən rayon prokuroru Rafayıl Zeynalov tərəfindən 5 avqust 2011-ci il tarixdə fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Müəyyən edilib ki, 2005-2011-ci illər ərzində məktəbdə faktiki müəllim və texniki işçi vəzifələrində işləməyən şəxslərin adlarına qanunsuz əmək haqqı hesablanmaqla, keçirilməmiş dərnək və əvəzçilik üzrə dərs saatlarına görə qanunsuz əmək haqqı ödənilməklə, eləcə də keçmiş aylarda ödənilməmiş əmək haqqının qalığı kimi qanunsuz əmək haqqı ödənilməklə dövlətin 73 min 959 manat vəsaiti mənimsəmə və israf etmə yolu ilə məktəbin direktoru Əmir Həsənov tərəfindən talanıb.

İstintaq dövründə həmin vəsaitin 40 min manatının rayon Təhsil Şöbəsinin bank hesabına ödətdirilməsi təmin edilib.

Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Aprelin 10-da iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti