Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Avropaya inteqrasiya üzrə ixtisaslaşmış sayt istifadəyə verilib. www.euintegration.az, eyni zamanda, www.avrointeqrasiya.az ünvanlarında yerləşən portal Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK), "Prodemos" İctimai Birliyinin, Avrasiya Hüquqşünaslar Assosiasiyasının koalisiya qaydasında cəlb etdikləri layihələr nəticəsində yaradılmış Avropaya inteqrasiya üzrə ixtisaslaşmış xəbər saytıdır.
AHK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, portalın yaradılmasında məqsəd iqtisadi, hüquqi, sosial və mədəni sahələrdə Avropa dəyərlərinin təşviqi yolu ilə cəmiyyətin və onun ayrı-ayrı sosial strukturlarının Avropaya inteqrasiyasına yardım etməkdir.
Portalda Avropaya inteqrasiyanın "Demokratiya və insan hüquqları", "İqtisadiyyat", "Maarifləndirmə", Ətraf mühit və enerji təhlükəsizliyi", "Cəmiyyət" və s. sahələri üzrə bölmələr yaradılıb. Sahələrin hər birinə müvafiq olaraq istifadəçilərə "İnsan hüquqları", "Mətbuat azadlığı", "Yoxsulluq əleyhinə mübarizə", "Biznesə dəstək", "QHT əməkdaşlığı", "Viza", "Gənclərin sosial iştirakçılığı", "Sosial proqramlar", "Təhsil", "Cəmiyyət", "Xəbərlər", eyni zamanda, "Siyasət", "İdman", "Biznes", "Texnologiya", "Əyləncə", "Hüquq", "Sosial", "Hərbi" və bir sıra digər başlıqlar altında geniş informasiya təqdim edilir. Portalda xüsusi bölmə müsahibələrə ayrılıb.
Qeyd olunan layihə koalisiyanı təşkil edən QHT-lər tərəfindən Avrasiya Əməkdaşlıq Fondunun, SİDA, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə fəaliyyət göstərir.
Portalın rəhbəri Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi, hüquq üzrə fəlsəfə doktoru Nadir Adilovdur.