...

ARDNŞ Sulutəpədə baş verən insidentin araşdırılması məqsədilə xüsusi komissiya yaradıb

Cəmiyyət Materials 19 Aprel 2012 16:28 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Binəqədi rayonu Sulutəpə qəsəbəsində qanunsuz inşa olunan yarımçıq tikililərin inşasının qarşısının alınması zamanı baş verən insidentin araşdırılması məqsədilə xüsusi komissiya yaradıb.
ARDNŞ Sulutəpədə baş verən insidentin araşdırılması məqsədilə xüsusi komissiya yaradıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Binəqədi rayonu Sulutəpə qəsəbəsində qanunsuz inşa olunan yarımçıq tikililərin inşasının qarşısının alınması zamanı baş verən insidentin araşdırılması məqsədilə xüsusi komissiya yaradıb.

Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin 18 aprel 2012-ci il tarixli əmri ilə neft-qaz əməliyyatları üçün nəzərdə tutulmuş mədən ərazilərində qanunsuz inşa olunan yarımçıq tikililərin inşasının qarşısının alınması məqsədilə Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin hüquq-mühafizə orqanları ilə birlikdə keçirdiyi tədbir zamanı baş vermiş hadisələrin, kütləvi informasiya vasitələrində yayımlanmış video və foto görüntülər, eləcə də əldə edilmiş digər materiallar əsasında Şirkət əməkdaşlarının və hadisələrin digər iştirakçılarının əməllərinin ətraflı araşdırılması və obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə komissiya yaradılıb.

Əmrdə deyilir ki, Təhlükəsizlik İdarəsi tərəfindən aprelin 18-də həyata keçirilmiş tədbir barəsində ətraflı məlumat toplanılsın, KİV-də yayımlanmış məlumatlar ətraflı araşdırılsın, tədbir zamanı öz vəzifə funksiyalarını yerinə yetirməmiş və ya lazımi qaydada yerinə yetirməmiş və jurnalistlərə münasibətdə hüquqazidd hərəkətlərə yol vermiş əməkdaşların dairəsi müəyyən edilsin və onlar barəsində lazımi tədbirlər görülməsi barəsində təkliflər versin, son zamanlar mövcud qanunvericiliyin tələblərinə məhəl qoymadan qanunsuz tikililəri inşa etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ətraflı məlumatların toplanılması və mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilməsi təmin edilsin; komissiya tərəfindən görülmüş tədbirlər barəsində ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması üçün tədbirlər görülsün; bu əmrdən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi təmin edilsin.

Təhlükəsizlik İdarəsinə tapşırılıb ki, özbaşına tikililərin inşasının qarşısının alınmasında iştirak edən əməkdaşların konflikt şəraitində qüvvədə olan qanunvericiliyin, ARDNŞ-nin daxili normativ sənədlərinin tələblərinə, vəzifə təlimatlarına ciddi əməl olunmasına, hüquqazidd hərəkətlərə yol verilməməsi üçün zəruri təbliğat, maarifləndirmə tədbirlərini həyata keçirsin, şəxsi heyətin belə tədbirlər zamanı nümunəvi davranış qaydalarına riayət etməsi üçün təbliğat keçirilməsini təşkil etsin.

Xəbər lenti

Xəbər lenti