...

Azərbaycandakı dini vəziyyət müzakirə olunub

Cəmiyyət Materials 19 Aprel 2012 17:54 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib.
Azərbaycandakı dini vəziyyət müzakirə olunub

Azərbaycan, Bakı, 19 aprel / Trend müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Məşvərət Şurasının sədri Hidayət Orucov toplantını açaraq bildirib ki, qədim mədəniyyətə malik udi etnosunun respublikamızın dövlət-din münasibətlərində daha geniş təmsil olunması məqsədi ilə Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Şuranın tərkibinə daxil edilib.

Orucov ölkədə dini durumun sabit olduğunu bildirib.

"Lakin mövcud sabitlikdən arxayınlaşmaq olmaz. Çünki zərərli meyillər cəmiyyətdə çaşqınlıq yaratmaq, vətəndaşları öz məqsədlərinə çatmaqda alətə çevirmək meyillərindən rahatlıqla əl çəkmirlər. Belə meyilləri dəf etməyin ən təsirli yollarından biri də dini maarifçilik işini gücləndirməkdir", - o deyib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycanda Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ölkəmizdə mövcud olan tolerantlığın, beynəlxalq aləmdə nümunəyə çevrildiyini vurğulayıblar.

Qeyd ediblər ki, ötən ilin sonlarında Prezident İlham Əliyevin dini konfessiyalara maddi yardımın göstərilməsi ilə bağlı göstərişi dünyanın heç bir ölkəsində rast gəlinməyən, Azərbaycan dövlətinin dinə və dindara münasibətini, diqqət və qayğısını, bir daha təsdiqləyən faktdır.

Şura üzvləri bildiriblər ki, Azərbaycanda din sahəsində heç bir problemin yaşanmaması yürüdülən dövlət-din münasibətləri modelinin uğurlu nəticəsidir.

"Bununla belə, bəzən müəyyən radikal dairələr din adından istifadə edərək cəmiyyətdə fikir çaşqınlığı, ajiotaj yaratmaq üçün müəyyən cəhdlər göstərirlər. Doğrudur, vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə qorunur və belə kiçik qruplar dövlətimizin bütövlüyünə təhlükə yarada bilməzlər. Lakin dini maarifçilik işini elə səviyyəyə çatdırmalıyıq ki, radikal dairələrin yaydıqları ideyalar ifşa edilsin. Bunun üçün bütün təbliğat vasitələrindən maksimum istifadə etməliyik", - şurada vurğulanıb.

Toplantıda Məşvərət Şurasının 2012-ci ilin qalan ayları üçün İş Planında dəqiqləşdirmələr edilib və bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti