...

Azərbaycanda ixtisasartırma proqramlarını həyata keçirə bilən təhsil müəssisələrinin adları açıqlanıb

Cəmiyyət Materials 20 Aprel 2012 16:50 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov "İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə dair Təlimat"ı təsdiq edib.
Azərbaycanda ixtisasartırma proqramlarını həyata keçirə bilən təhsil müəssisələrinin adları açıqlanıb

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov "İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə dair Təlimat"ı təsdiq edib.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, təlimat Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın tələbləri əsasında hazırlanıb. Təlimatda Azərbaycanın təhsil sisteminin dövlət təhsil müəssisələrində işləyən rəhbər və pedaqoji kadrlar üçün ixtisasartırma təhsili proqramlarının əlavə təhsil müəssisələri tərəfindən təqdim edilməsi, onların qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi prosesinin əsas mərhələləri və üsulları şərh edilir.

Təlimata əsasən, Təhsil Nazirliyi tərəfindən verilmiş elanlar əsasında əlavə təhsil müəssisələri hazırladıqları ixtisasartırma təhsili proqramlarını qiymətləndirilmək üçün müəyyənləşdirilmiş
xüsusi formada təqdim edirlər. İxtisasartırma təhsili proqramlarını qiymətləndirmək və tətbiqinə icazə vermək üçün Təhsil Nazirliyində komissiya və müvafiq ekspert işçi qrupları yaradılır.

Təqdim edilmiş ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş meyarlar əsasında, elanda müəyyən edilmiş müddət başa çatdıqdan sonra 1 ay ərzində həyata keçirilir.

Qiymətləndirilmiş ixtisasartırma təhsili proqramının tətbiqi barədə komissiyanın çıxardığı qərar təhsil naziri tərəfindən təsdiq edilir və dörd il müddətində qüvvədə qalır.

İxtisasartırma təhsili proqramları bir neçə kateqoriyadan olan əlavə təhsil müəssisələri tərəfindən təklif edilə bilər:
• Dövlət və özəl ali təhsil müəssisələri;
• Azərbaycan Müəllimlər İnstitutu və onun filialları;
• Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu;
• Respublika Uşaq Birliyi Təşkilatı Rəhbərləri Məktəbi;
• Təhsil Nazirliyinin tabeliyində olan və müstəqil fəaliyyət göstərən mərkəzi və regional təşkilat və qurumlar: Təhsil Problemləri İnstitutu; Kurikulum Mərkəzi və s.;
• lazımi təlim bacarığına və kadr potensialına malik olan ixtisaslaşdırılmış orta-ixtisas təhsili müəssisələri, məktəblər və resurs mərkəzləri;
• Azərbaycanın iştirak etdiyi beynəlxalq proqramların yerinə yetirilməsi üçün yaradılmış təşkilati strukturlar və ya Təhsil Nazırliyinin təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən beynəlxalq proqram və layihələri maliyyələşdirən təşkilat və qurumlar;
• ixtisasartırma təhsilinin təmin edilməsində Təhsil Nazirliyi ilə əməkdaşlıq edən beynəlxalq qurumlar və təşkilatlar;
• təsis olunma sənədlərində təlim və təhsil xidmətləri göstərməsinə rəsmi icazə verilmiş özəl şirkətlər və təşkilatlar;
• yaşlıların təhsili üçün müxtəlif növ treninqlər təklif edən fondlar, peşə birlikləri və peşə assosiasiyaları;
• bu sahədə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələr.

Prosedur və ya məzmunla əlaqədar səbəblərə görə tətbiqinə icazə verilməsi təxirə salınmış proqramlar müvafiq əlavə təhsil müəssisələri tərəfindən 30 gün ərzində təshih edilərək yenidən təqdim edilə bilər.

Proqramları rədd edilmiş əlavə təhsil müəssisələri komissiyanın çıxardığı qərara etiraz etdiyi halda Təhsil Nazirliyinə apelyasiya barədə yazılı müraciət edə bilər. Eyni proqram komissiya tərəfindən iki dəfə rədd edildikdən sonra yenidən qəbul edilmir.

Nazir əlavə təhsil müəssisələri tərəfindən təqdim olunan ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsini həyata keçirmək üçün komissiyanın yaradılmasını da tapşırıb.

Xəbər lenti

Xəbər lenti