...

Azərbaycan Konstitusiya Məhkəməsi sürücünün hansı halda hadisə yerindən qaçmasını müəyyənləşdirdi

Cəmiyyət Materials 21 Aprel 2012 09:36 (UTC +04:00)
Konstitusiya Məhkəməsi yol qəzası törədən şəxsin hadisə yerindən qaçması ilə bağlı məhkəmə ilə yol polisi arasında fikir ayrılığına aydınlıq gətirib.
Azərbaycan Konstitusiya Məhkəməsi sürücünün hansı halda hadisə yerindən qaçmasını müəyyənləşdirdi

Azərbaycan, Bakı, 21 aprel / Trend müxbir K.Zərbalıyeva/

Konstitusiya Məhkəməsi yol qəzası törədən şəxsin hadisə yerindən qaçması ilə bağlı məhkəmə ilə yol polisi arasında fikir ayrılığına aydınlıq gətirib.

Məhkəmədən şənbə günü Trend-ə bildiriblər ki, Konstitusiya Məhkəməsi Bakının Nəsimi rayon məhkəməsinin yol qəzası törədən şəxsin hadisə yerindən qaçması halının müəyyənləşdirilməsi ilə bağlı müraciətinə baxıb və qərar qəbul edib.

Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 264-cü maddəsini (yol nəqliyyat hadisəsi yerindən qaçma) şərh edərək müəyyən edib ki, həmin normanın mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz.

Xatırlaqdaq ki, nəqliyyat vasitəsini idarə edən şəxsin hadisə yerindən qaçması halının müəyyənləşdirilməsi ilə bağlı qeyri-müəyyənlik var idi.

Belə ki, bu məsələyə Dövlət Yol Polisi İdarəsi (DYPİ) ilə məhkəmənin yanaşması fərqlidir.

DYPİ hesab edir ki, sürücü zərərçəkənə kömək göstərib, onu xəstəxanaya aparar və hadisə yerinə qayıtmazsa, o, hadisə yerindən qaçmış hesab olunur.

Nəsimi rayon məhkəməsi isə hesab edir ki, sürücünün hadisə yerindən qaçması zərərçəkmişi ağır vəziyyətdə köməksiz qoyub bilərəkdən hadisə yerini tərk etməsi kimi başa düşülməlidir.

Məhkəmə hesab edir ki, yol polisinin yanaşması tətbiq olunarsa, hadisə törədən şəxs zərərçəkmişə kömək etməkdə maraqlı olmayacaq.

"Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsində yol nəqliyyat hadisəsi zamanı sürücünün üzərinə düşən vəzifələr müəyyən edilib.

Qanunun tələbinə görə, sürücü zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməlidir.

Bu, mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır.

Qanuna görə, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, qəza törətmiş sürücü yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərərçəkənləri öz nəqliyyatında xəstəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir.

Xəbər lenti

Xəbər lenti