...

Aynurə Piriyeva: ABŞ təhsilli Azərbaycan məzunları dövlətimizin inkişafına öz töhfələrini verirlər (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2012 11:41 (UTC +04:00)
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi dövlətimizin və cəmiyyətimizin inkişafına müsbət təsir göstərən bilik və bacarıqları özündə birləşdirən kadrları bir araya gətirir.
Aynurə Piriyeva: ABŞ təhsilli Azərbaycan məzunları dövlətimizin inkişafına öz töhfələrini verirlər (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi dövlətimizin və cəmiyyətimizin inkişafına müsbət təsir göstərən bilik və bacarıqları özündə birləşdirən kadrları bir araya gətirir. Trend-in məlumatına görə, bunu jurnalistlərlə görüşündə Birliyin sədri Aynurə Piriyeva deyib.

Görüş zamanı Piriyeva jurnalistlərə Birliyin yaranma tarixi, fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları haqqında danışıb.

O qeyd edib ki, Birlik ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təhsil proqramlarının məzunlarını birləşdirən qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.

"Bu gün bu məzunlar dövlətimizin və cəmiyyətimizin inkişafına müsbət təsir göstərən bilik və bacarıqları özündə birləşdirən kadrlardır. Hazırda ABŞ təhsilli Azərbaycan məzunları dövlət qurumlarında, qeyri-hökumət təşkilatlarında və iri şirkətlərdə çalışaraq ölkəmizin inkişafına töhfə verirlər. Təşkilatımız 2003-cü ildə bütün bu məzunları bir çətir altına yığmaq məqsədilə bir qrup aktiv məzunlar tərəfindən yaradılıb", - Piriyeva deyib.

O vurğulayıb ki, 2003-cü ildən bəri təşkilat çox dəyişib, vətəndaş cəmiyyətində ən aktiv və dayanıqlı fəaliyyət göstərən təşkilatlardan biridir. Təşkilat hazırda 3 minə yaxın ABŞ təhsilli Azərbaycan məzununu öz ətrafında cəmləşdirir.

Piriyeva bildirib ki, Birlik məzunların bir-biriləri ilə şəbəkələşməsi üçün şərait yaradır və eyni zamanda ABŞ-da təhsil almaq proqramları və imkanları barədə gəncləri məlumatlandırır.

"Təşkilatımız hamı üçün açıq olan məşğələlər, müzakirə klubları təşkil edir, xaricdən mühazirəçilər dəvət edir, müəyyən informasiya xarakteri daşıyan tədbirlər təşkil edir. Həmçinin Birlik ABŞ-da təhsil alıb qayıdan məzunlarla əlaqə qurur, onları Birliyə qoşulmağa dəvət edir və onların qazandıqları təcrübələri buradakı gənclərlə bölüşməsinə imkan yaradır", - Piriyeva deyib.

Onun sözlərinə hörə, Birliyin əsas fəaliyyət istiqamətlərindən biri də məzunların ABŞ-dan qayıdandan sonra inkişafına dəstək vermək, onların işlə təmin olunmasına kömək göstərməkdir. Bu məqsədlə Birlik yerli və xarici şirkətlərlə əlaqələr qurur, danışıqlar aparır.

Təşkilatın həyata keçirdiyi lahiyələr haqqında danışan Piriyeva 3 əsas lahiyə barədə məlumat verib.

O qeyd edib ki, bunlardan biri "Reach the Regions" lahiyəsidir. Layihənin əsas məqsədi məzunların rayonlardakı gənclərlə bilik və bacarıqlarını bölüşdürməyə şərait yaratmaqdır. İkinci layihə "Alumni Corps of Teachers" adlanır ki, bunun da çərçivəsində məzunlar rayonlarda məktəblərdə və universitetlərdə ingilis dili dərsi keçirlər.

Ən maraqlı layihələrdən birinin "Azerbaijan Business Case Competition" olduğunu deyən Piriveya qeyd edib ki, layihə ölkənin qabaqcıl universitetlərini təmsil edən tələbə komandalarının iştirak etdiyi ənənəvi bir müsabiqədir.

"Müsabiqədə tələbələr maliyyə, mühasibatlıq, marketinq, texnologiya və idarəetmə sahələrində əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edirlər və onları Azırbaycanın iş adamlarından ibarət olan münsiflər heyətinə təqdim edirlər", - Piriyeva deyib.

Onun sözlərinə görə, bul il müsabiqədə 11 universitetdən 75 komanda iştirak edib və onlardan yalnız 16-sı
final mərhələsinə çıxmağa nail olub.

Bütün komandalar 5 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat bacarıqları və s. movzularda ABŞ təhsilli məzunlar tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.

Piriyeva həmçinin qeyd edib ki, Birlik "Context" adlı jurnal nəşr edir.

Jurnal bir çox sahə və nəzəri aspektlər üzrə müasir siyasi və hazırkı analitik işlərin tam spektrini əks etdirir. Jurnalist məzunlara öz bilik və bacarıq imkanlarını bölüşdürmək imkanı verir. Jurnal Azərbaycan dilində nəşr edilir.

Piriyeva deyib ki, Birlik beynəlxalq əlaqələrini də genişləndirir. Belə ki, təşkilat 2011-ci ildə Avropa Məzunlar Birliklərinin Şəbəkəsinin (European Network of Alumni Association) yaradılmasında iştirak edib.

Onun sözlərinə görə, hazırda Birlik bir neçə layihə həyata keçirməyi planlaşdırır.

"Bunlardan biri Bakı Hüquq Jurnalı olacaq. Kommersiya hüququndan bəs edən jurnal may ayından nəşrə başlayacaq. Həmçinin təşkilatımız məzunların layihələrinə dəstək vermək məqsədilə karyera mərkəzi, "Alumni Fund" yaratmağı planlaşdırır", - Piriyeva vurğulayıb.

Xəbər lenti

Xəbər lenti